İQTİSADİYYAT
Ekspeditorun vasitəçilik xidmətləri mənfəət vergisinə cəlb edilir
Bakı,12 iyul, AZƏRTAC
Beynəlxalq yük daşımalarının təşkili xidmətlərini həyata keçirən müəssisənin balansında avtomobil nəqliyyatı yoxdursa və daşımalar daşıyıcı şirkətlər vasitəsilə həyata keçirilirsə, bu xidmətlər üzrə hansı vergi öhdəlikləri yaranır?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Mülki Qanunvericiliyə əsasən, üçüncü şəxslər vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxs ekspeditordur.
Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutma əməliyyatlarına aiddir. Bu səbəbdən mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən ekspeditorun göstərdiyi vasitəçilik xidmətlərinə görə ona ödənilən xidmət haqları vergi tutulan gəlirlərə aid edilməklə mənfəət vergisinə və 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Beynəlxalq daşıma xidmətlərinin dəyəri isə ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunur.