Ekspert: Anlaşma memorandumu Azərbaycan ilə Avropa arasında yeni əməkdaşlıq səhifəsidir
Bakı, 25 aprel, AZƏRTAC
Bolqarıstan Şərqi Avropada Azərbaycanın strateji tərəfdaşlarındandır. İki ölkə arasında ticarət dövriyyəsindəki artımlar münasibətlərin inkişafını bir daha təsdiq edir.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, 2022-ci ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 325 milyon 391 min dollar olub. Bu o deməkdir ki, ötən il Azərbaycan ilə Bolqarıstan arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4,5 dəfə artıb. 2022-ci ildən başlayaraq Azərbaycan Bolqarıstan ilə enerji əməkdaşlığını gücləndirib. Bolqarıstan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə Azərbaycan mavi qazını istehlak edir. Bu il Bolqarıstana 1 milyard kubmetrdən çox qaz nəql ediləcək. İstər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun reallaşması Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi ölkəmizin regional enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfəsini bir daha təsdiq edir. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrədək artırılması isə Bolqarıstan və Ruminiya ilə yanaşı Macarıstan, Slovakiya, Şimali Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.
“Bu gün, eyni zamanda, Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Anlaşma memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu anlaşma Azərbaycan ilə Avropa arasında yeni əməkdaşlıq səhifəsidir. Azərbaycanın regional geosiyasi və geoiqtisadi mövqeyi möhkəmlənməkdədir”, - deyə V.Bayramov qeyd edib.