Ekspert: Orta Dəhlizin Cənubi Qafqazdan keçən seqmentində müsbət dinamika qeydə alınıb
Bakı, 22 yanvar, AZƏRTAC
Ötən il Orta Dəhlizin Cənubi Qafqazdan keçən seqmentində müsbət dinamika qeydə alınıb. Layihələrin təhvil verilməsi baxımından Azərbaycan ərazisində limanda mövcud imkanlar az investisiya ilə 50 faiz artırılıb. Yəni bizim imkanımız 100 min TEU idi. Hazırda 150 minə TEU-yə qədər genişləndirilib.
Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 105 min TEU konteyner, Poti Limanı isə 636 min TEU konteyner aşırıb. Hər iki liman 2024-cü illə müqayisədə müsbət artım dinamikası nümayiş etdirib.
Ekspert əlavə edib ki, Bakı–Böyük Kəsik dəmir yolu xəttinin təkmilləşdirilməsi layihəsi çərçivəsində Ucar–Hacıqabul sahəsində elektrik təchizatının dəyişən cərəyana keçirilməsi reallaşdırılıb. Bu da yüklərin 20 faiz ucuz daşınmasına zəmin yaradır.
“Digər tərəfdən avtomobil yolları üzrə Bakıdan Gürcüstan sərhədinə kimi olan magistralın son hissəsi 27 kilometrlik hissəsi qalmışdı, o da tamamlandı. Qeyd edim ki, M2 Bakı–Qazax–Gürcüstan Respublikası dövlət sərhədi avtomagistralının 4 zolağa qədər genişləndirilməsi layihəsinin son seqmenti olan Qazaxbəyli–Sınıq Körpü sahəsi istismara verilib. Bu da müsbət amil hesab olunur”, - deyə o bildirib.
R.Ağamirzəyev qeyd edib ki, Gürcüstan ərazisində Tbilisi–Maxindjauri dəmir yolunun modernləşdirilməsi Orta Dəhlizdə daşınacaq yüklərə yeni fürsətdir: “Həmçinin Tbilisi–Samtrediya magistralının ən mürəkkəb hissəsi olan Rikoti aşırımı üzərindən keçən yol sahəsi də istifadəyə verilib. Gürcüstanda qısa stansiyaların uzun stansiyalarla əvəzlənməsinə ehtiyac var. Çünki mövcud stansiya qısa olduğundan blok qatarların bölünməsinə ehtiyac olur, bu da əlavə əməliyyat xərcidir. Eyni zamanda, sərhəd buraxılış məntəqələrinin olduğu stansiyaların yanında evlər olduğu üçün yüklərin buraxılıcılıq imkanlar az olur. Yaxın illərdə Samtrediya–Qriqoletti yolunun tamamlanması, həmçinin Batumi–Sarpi, Rustavi–Qırmızı Körpü, Rustavi–Sadaxlo, Tbilisi dairəvi yolu və Samtrediya–Zuqdidi avtomobil yollarının tikilərək istismara verilməsi planlaşdırılır”.