Ekspert: Süni intellekt Günəş elektrik stansiyalarında enerji itkilərini minimuma endirəcək
Bakı, 16 iyul, AZƏRTAC
Son illərdə Günəş enerjisi sektoru təkcə istehsal gücü baxımından deyil, texnoloji cəhətdən də böyük transformasiya yaşayır. Artıq məsələ yalnız daha çox Günəş paneli quraşdırmaq deyil, elektrik stansiyalarını daha ağıllı, səmərəli və dayanıqlı idarə etməkdir. Bu transformasiyanın əsas hərəkətverici qüvvələrindən biri süni intellekt və rəqəmsallaşmadır. Məlumatların təhlili sistemləri sayəsində stansiyaların fəaliyyəti real vaxt rejimində izlənilir, nasazlıqlar erkən müəyyənləşdirilir, texniki xidmət daha səmərəli planlaşdırılır və enerji itkiləri minimuma endirilir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin “Pakka Solar Care” şirkətinin təsisçisi və baş icraçı direktoru (CEO), bərpaolunan enerji üzrə ekspert Pınar Tuncel deyib.
“Təcrübəmə əsasən deyə bilərəm ki, Günəş elektrik stansiyasının səmərəliliyi yalnız panel texnologiyasından asılı deyil. Texniki xidmətin keyfiyyəti, təmizləmə prosesləri, ətraf mühit şəraiti, istifadə olunan avadanlıqlar və düzgün əməliyyat idarəçiliyi də burada həlledici rol oynayır. Buna görə süni intellektə əsaslanan təhlillərin sahə təcrübəsi ilə birləşdirilməsi daha uğurlu nəticələr verir.
İnanıram ki, yaxın illərdə dronlar, termal görüntüləmə, robotlaşdırılmış həllər və süni intellektə əsaslanan proqnozlaşdırıcı texniki xidmət sektorun standart praktikasına çevriləcək. Bu texnologiyalar həm xərcləri azaldacaq, həm də elektrik stansiyalarının uzunmüddətli səmərəli fəaliyyətini təmin edəcək”, - deyə o vurğulayıb.
Müsahibənin tam variantı tezliklə yayımlanacaq.