EKTİS-də bəyan edilmiş payızlıq əkin sahələrinin həcmi 740 min hektara çatıb
Bakı, 16 dekabr, AZƏRTAC
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərin və çoxillik əkmələrin bəyanı davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, taxıl səpinini başa çatdırmış fermerlər EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını sistemə daxil edirlər.
Öz əkinlərini bəyan etmək istəyən fermerlərə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir. Məlumat bölməsindən müvafiq sıra növbəsi götürən fermerlər xidmət pəncərələrinə yaxınlaşaraq sənədlərini DAİM əməkdaşlarına təqdim edir, əməkdaşların köməyi ilə payızlıq əkinlərin EKTİS-də bəyan prosedurunu tamamlayırlar. Xidmət pəncərələrinə yaxınlaşan fermerlərə əkinlərin bəyan proseduru, aqrokimyəvi analizlərin verilməsi qaydası, aqrar sığorta tələbi, monitorinqlərin keçirilməsi, subsidiyaların ödəniləcəyi tarixlər barədə geniş məlumat verilir.
Nazirlik tərəfindən bölgələrdə payızlıq əkinlərin bəyanı ilə əlaqədar məlumatlandırma sessiyaları davam edir. Fermerlər, həmçinin aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, bu sahədə tətbiq olunan yeni qaydalar, Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlar barədə məlumat əldə edirlər.
Qeyd olunub ki, EKTİS-də payızlıq əkinlərin bəyan prosesinə sentyabrın 1-dən start verilib. Dekabrın 16-dək ölkə üzrə taxıl səpinini başa çatdırmış 249 min 384 fermer öz əkinlərini EKTİS-də bəyan ediblər. Fermerlər tərəfindən EKTİS-ə ümumilikdə 433 min 573 sənəd yüklənib. Bəyan edilən əkin sahələrinin ümumi həcmi 739 min 697 hektardır.
Şabran rayonunda keçirilən müvafiq məlumatlandırma sessiyası zamanı fermerlərin aqrar sahənin subsidiyalaşdırılması mexanizmləri və digər sualları cavablandırılıb. Diqqətə çatdırılıb ki, dekabrın 16-dək Şabran rayonu üzrə 2459 fermer artıq öz əkinlərini bəyan edib. EKTİS-ə fermerlər tərəfindən 6411 bəyan sənədi yüklənib. Bunlardan 4959 bəyan payızlıq, 1452 bəyan isə çoxillik əkmələrlə bağlıdır.
Şabran rayonu üzrə əkin bəyanları ümumilikdə 11 min 45 hektar sahəni əhatə edir.
Fermerlərə monitorinqlər başa çatdıqdan sonra gələn ilin fevral ayından başlayaraq payızlıq əkinlərə görə subsidiyaların ödənilməsinə başlanacağı barədə məlumat verilib.
Respublika üzrə payızlıq əkinlərin bəyanı prosesi dekabrın 30-da başa çatacaq.