“ƏL-CƏZİRƏ” TELEKANALI 10 YAŞINI QEYD EDİR
“Əl-Cəzirə” Qətər əmirinin 150 milyonluq qrantı əsasında 1996-cı ildə yaradılmışdır. Telekanal xərclərini tam ödəyə bilməsə də, reklamdan əldə olunan gəlir onun büdcəsinin 50 faizini təşkil edir.
Kanal Əfqanıstan, İraq və Fələstində, habelə Yaxın və Orta Şərqin digər ölkələrində baş verənləri qərəzsiz işıqlandırdığına görə populyarlıq qazanmışdır. Telekanalın reportajları və informasiyaları bəzən bir sıra ərəb ölkələri rəhbərlərinin narazılığına səbəb olur. ABŞ da Yaxın Şərq “Si-En-En”ini bəyənmir və onu İslamın dayağı sayır.
Ərəb aləminin informasiya nəhəngi artıq bu aydan efirə çıxması nəzərdə tutulmuş ingilis dilində yayımı fəaliyyətinin ikinci onilliyinin əsas nailiyyəti hesab edir.
“Əl-Cəzirə” yubileyini Dohadakı iqmətgahında “Azadlıq divarı”nı açmaqla qeyd etməyi qərara almışdır. 16,5 metrlik daş abidənin üzərində dünyanın müxtəlif yerlərində həlak olmuş 630 reportyorun adları həkk edilmişdir.
Abidə təhlükəli işinə görə jurnalistlərə minnətdarlıq əlaməti olaraq ucaldılmışdır.