Əl-Əzhəri Şərifin Baş imamı Azərbaycana səfərə dəvət edilib
Bakı, 20 oktyabr AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Misirə səfəri çərçivəsində Əl-Əzhəri Şərifin Baş imamı Şeyx Əhməd ət-Təyyib ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, dini liderlər Əl-Əzhəri Şərif ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın gələcək inkişafı yollarını müzakirə ediblər.
Şeyxülislam Allahşükür Paşazadə İslam ümmətinin və dünya müsəlman icmalarının problemlərinin dəstəklənməsində göstərdiyi səylərə görə Şeyx Əhməd ət-Təyyibə təşəkkürünü bildirib. O əlavə edib ki, Əl-Əzhəri Şərif həqiqi İslamın düzgün imicinin təqdimatında, ekstremist qruplar tərəfindən yayılan saxta görüntüləri təkzib etməkdə mühüm rol oynayır. QMİ-nin sədri Əl-Əzhəri Şərifin Baş imamını Azərbaycana səfərə dəvət edib. O, həmçinin Qazaxıstanda Müsəlman Ağsaqqalları Şurasının regional ofisinin açılması münasibətilə təbriklərini çatdırıb.
Şeyx Əhməd ət-Təyyib daha çox azərbaycanlı gənclərin Əl-Əzhər Universitetində təhsil almaq istədiyini, onların təqaüdlərini artırmağa hazır olduqlarını qeyd edib. O əlavə edib ki, Azərbaycandan olan tələbələr üçün xüsusi tədris proqramı da hazırlana bilər.
Görüşdə dinlər və mədəniyyətlərarası dialoqun inkişafı, islamofobiya ilə mübarizədə səylərin artırılması və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.