“Əlaəddin Sabit Bosnəvinin “Ədhəm və Hüma” məsnəvisi” kitabı çapa təqdim olunub
Bakı, 16 aprel, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Şəhla Xəlillinin “Əlaəddin Sabit Bosnəvinin “Ədhəm və Hüma” məsnəvisi” kitabı çapa təqdim olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda Əlaəddin Sabit Bosnəvinin həyat-yaradıcılığı və “Ədhəm və Hüma” məsnəvisindən bəhs olunur. Sabitin əsərləri Azərbaycanda ilk dəfədir ki, elmi tədqiqata cəlb edilir. Bundan əlavə, sözügedən kitabda müəllifin “Ədhəm və Hüma” məsnəvisi altı nüsxə əsasında tekstoloji müqayisə edilərək transfoneliterasiya olunub.
Qeyd edək ki, türk ədəbiyyatının görkəmli nümayəndəsi Əlaəddin Sabit Bosnəvi XVII əsrin sonu XVIII əsrin əvvəllərində Balkanlarda yaşayıb. Təzkirələrdə və digər əski qaynaqlarda onun həyat və yaradıcılığı haqqında məlumata rast gəlinir. Azərbaycan ədəbiyyatına gəldikdə isə Sabit haqqında ilk məlumat Asiya Məmmədovanın 1961-ci ildə “Ələaddin Sabitin avtoqraf külliyyatı” adlı məqaləsində verilib. İlk sistemləşdirilmiş məlumat isə Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Azadə Musayevanın “Üziçeli Alaəddin Sabit və əlyazmaları ilə bağlı ilkin sistemləşdirilmiş bilgilər” adlı məqaləsində öz əksini tapıb.
Çapa təqdim edilən kitabda müqayisəli tədqiqata cəlb olunmuş “Ədhəm və Hüma” əsəri Sabitin yarımçıq məsnəvisidir. Məsnəvi əruz vəzninin xəfif bəhrində yazılıb.
Əldə olunmuş əlyazma nüsxələri əsasında aparılan təhlil nəticəsində üzə çıxarılan faktlar elmi-tənqidi mətnin hazırlanmasında xüsusi əhəmiyyət kəsb edir.