Əlcəzair qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib
Qahirə, 9 dekabr, AZƏRTAC
Əlcəzairin nüfuzlu “əl-Şuruq” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə əsrlər boyu azadlığa can atan və sovet rejiminin süqutundan sonra bu arzusuna qovuşan xalqımızın müstəqillik dövründə məhz ulu öndər Heydər Əliyevin müdrik siyasəti və uzaqgörənliyi sayəsində güclü dövlət quruculuğuna başladığı qeyd olunur.
Müəllif vurğulayır ki, bu siyasətin nəticəsində Azərbaycan qısa müddət ərzində qüdrətli iqtisadiyyata malik olub və ötən il öz ərazilərini işğaldan azad edərək regionun tərəqqisi üçün yeni imkanlar yaradıb. Eyni zamanda, dahi siyasi xadim Heydər Əliyevin müdrikliyi sayəsində müstəqilliyimiz möhkəmlənib, ölkəmizin beynəlxalq nüfuzu artıb və genişmiqyaslı iqtisadi və hüquqi islahatlar həyata keçirilib. Xalqımızın Ulu Öndəri deyirdi ki, müstəqilliyimiz əbədi və dönməzdir. O, Azərbaycanın işıqlı gələcəyinə inanırdı və sülhsevər siyasəti tərəqqinin əsas amili hesab edirdi. Ulu Öndər bu fəaliyyətində öz xalqının sevgisinə və dəstəyinə arxalanırdı. Heydər Əliyevin ən yüksək humanizm dəyərlərinə sadiqliyi və öz xalqına olan dərin sevgisi milyonlarla insanın qəlbində onun əbədi heykəlini ucaldıb. Bu gün Qafqazın ulduzu olan Azərbaycan məhz dahi siyasətçinin əsəridir.
Məqalədə ulu öndər Heydər Əliyevin siyasi, sosial, mədəni, elmi sahələrdə cəmiyyətin inkişafına verdiyi misilsiz töhfələr, həmçinin Azərbaycanın Şərq dövlətləri, o cümlədən ərəb ölkələri ilə əlaqələrinin qurulması və inkişafı istiqamətində əvəzsiz xidmətləri diqqətə çatdırılır. Müəllif vurğulayır ki, dahi şəxsiyyət hər zaman İslam dininə və irsinə xüsusi qayğı göstərib və müsəlman olması ilə fəxr edib.
Bütün İslam aləmi Heydər Əliyevin əziz xatirəsini yad edir və onun vəfatının ildönümündə ərəb ölkələrində də anım tədbirləri keçirilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə