Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulub
Bakı, 12 may, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və AFFA-nın birgə təşkilatçılığı ilə Əməkdar idman ustası Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulub.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, turnirdə 9 komanda birincilik uğrunda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Keşlə” komandası birinci olub. “İ.Cavadov BFA” yarışı ikinci, BİFM komandası isə üçüncü pillədə başa vurub.
İlk üç yeri tutmuş komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.