Əli Əhmədov: Azərbaycanda demokratik seçki mühiti mövcuddur
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partıyasının sədr müavini-icra katibi Əli Əhmədov partiyanın qərargahında ölkəmizdə səfərdə olan MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidə missiyasının nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Əli Əhmədov ölkəmizdə seçkilərin azad, şəffaf, demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün yaradılan şəraitdən bəhs edib. Bildirilib ki, Azərbaycanda demokratik seçki mühiti mövcuddur, bütün siyasi partiyalara seçkilərin hər bir mərhələsində eyni şərait yaradılıb. O, ölkədə seçki ab-havasının çox müsbət, xalqın seçki əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd edib.
Baş nazirin müavini demokratiyanın vacib amillərindən birinin seçkilərin şəffaflığının təminatının təsdiqi kimi prosesin beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin müşahidəçilərinin izləməsi olduğunu bildirib. Əli Əhmədov Azərbaycan dövlətinin beynəlxalq müşahidə missiyalarının seçkiləri izləmələrinə yaratdığı şəraiti prosesin demokratik, azad və şəffaf keçirilməsinə göstərdiyi diqqət və verdiyi önəm kimi dəyərləndirib.
MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidə missiyasının üzvləri ölkəmizdə seçki ab-havasından razılıqlarını ifadə ediblər. Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinin göstəricilərindən biri kimi seçkilərin demokratikliyinə, beynəlxalq standartlara uyğun keçirilməsinə göstərilən diqqət xüsusi vurğulanıb.
Daha sonra Əli Əhmədov missiya üzvlərini maraqlandıran sualları cavablandırıb.
Görüşdə YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da iştirak edib.