ƏLİLLƏR MÜALİCƏYƏ GÖNDƏRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, görüşdə əmək və əhalinin sosial
müdafiəsi naziri Əli Nağıyev çıxış edərək demişdir ki, əlil həmvətənlərimizin tibbi, sosial problemlərinin həlli istiqamətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və gördüyü işlər bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı ilə əlillərin reabilitasiyası sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Onların mənzillə, avtomaşınla, reabilitasiya vasitələri ilə təminatı yaxşılaşır. Ən çox ehtiyacı olanlar xarici ölkələrə müalicəyə göndərilirlər. Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş 66 nəfər Ukraynanın Krım vilayətinin Saki şəhərindəki ixtisaslaşmış onurğa beyni xəstəlikləri üzrə mərkəzə 35 günlük müalicə kursuna göndərilir.
Nazir Ə.Nağıyev müalicəyə göndərilənlərin problemlərinin həllinin
nazir müavini Tahir Budaqovun, nazirliyin tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası idarəsinin rəisi Telman Kazımovun təşkilatçılığı sayəsində mümkün olduğunu vurğulamış, respublikada əlillərin reabilitasiya sisteminin yaradılması və son 5 ildə onun inkişafı barədə danışmış, müalicəyə gedənlərə uğurlu yol arzulamışdır. Görüşdə əlillərin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti oxunmuşdur.