Əlişir Nəvainin 580 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi dinlənilib
Bakı, 26 may, AZƏRTAC
Türk dünyasının böyük mütəfəkkiri, klassik özbək şairi Əlişir Nəvainin anadan olmasının 580 illiyi münasibətilə növbəti beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Fərqanə vilayəti rəsmilərinin Əlişir Nəvai yubileyi kontekstində çıxışlarla öz işinə başlayıb. Tədbirin təşkilatçısı Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Zeboxan Qabilova Əlişir Nəvai irsinin dünya ədəbiyyatına, mədəniyyətinə verdiyi töhfələrdən bəhs edib.
Konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Əmir Əlişir Nəvai dövrünə qədər özbək dilinin - cığatay türkcəsinin keçdiyi yol” mövzusunda məruzəsi dinlənilib. Almaz Ülvi qeyd edib ki, "Cığatay-türk ədəbiyyatı bütövlükdə türk xalqları ədəbiyyatının nəhəng bir qoludur. Cığatay-türk ədəbiyyatı monqol istilasından sonra Orta Asiyada təşəkkül tapmış ədəbiyyatı, xüsusən Əmir Teymur və Teymurilər dövründə meydana gələn türk ədəbiyyatını ehtiva edir. Məlumdur ki, türk ədəbiyyatı tarixindəki cığatay türk ədəbiyyatı dövrü birdən-birə yaranmamışdı. Bu ədəbiyyatın kökləri “Avesta”dakı şeir və əsatirlərə, Orxan-Yenisey abidələrinə, türk-uyğur ədəbiyyatına qədər gedib çıxır. Ədəbiyyatşünaslıqda isə bu dövr ədəbi abidələrin türk xalqlarının müştərək ədəbiyyatı hesab edildiyi dövr adlandırılır”.
Daha sonra tanınmış nəvaişünas alimlərdən İbrahim Haqqul, Nurbay Cabbarov, Bokijon Tuxliyev, Aftandil Erkinov, Zeboxan Qabilova, Olimjon Duysenbayev, Olimjon Dövlətov və digər alimlərin məruzələri dinlənilib.