Elm Tarixi İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “Dədə Qorqud bilgi Şöləni və Dəli Dönməzə advermə müzakirəsi” mövzusunda onlayn beynəlxalq konfransda iştirak edib.
Elm Tarixi İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Yeni əl yazması gerçəkdən Dədə Qorqud nüsxəsidirmi?”, “Əl yazmada neçə boy vardır?” və “Əl yazmanın adı necə olmalıdır?” başlıqları altında aparılan elmi müzakirələrdə B.Quliyev “Kitabi Dədəm Qorqudun indiyə qədər az araşdırılmış müqayisəli bəzi mövzuları üzərində” mövzusunda məruzə edib.
Gənc alim məruzəsində “Kitabi Dədəm Qorqud”un adı, yazı çevirisi (transkripsiyası), tarixi və mənsubiyyəti haqqında müxtəlif müddəalar irəli sürüb. Kitabın adındakı “Dədə” sözünün “Dədəm” şəklində yazılmasının məqsədəuyğun olduğunu bildirən tarixçi qeyd edib ki, əlyazmaların yazı çevirişi zamanı Azərbaycan əlifbasında mövcud olan “ə”, “x”, “q” hərflərindən də istifadə etmək mümkündür. Kitabın yaşını müəyyən edərkən bir neçə amilin göz önündə tutulmasının önəmini vurğulayan Bayram Quliyev yeni tapılmış “Türkmən Səhra” əlyazmasının XVI-XVII əsrlərə aid olduğunu bildirib.
Məlumat üçün bildirək ki, “Kitabi Dədəm Qorqud”un Türkmən-Səhra” adlı monoqrafiyası nəşr olunduqdan və kitab elmi ictimaiyyətdə tanındıqdan sonra türkologiyaya həsr olunan müzakirələrə iştirak dəvəti alan gənc tarixçi ardıcıl şəkildə onlayn iclaslara qatılaraq öz məruzələrini təqdim edir.