Elmar Məmmədyarov: Həll edilməmiş münaqişələr regionda əməkdaşlığa başlıca maneədir
Tbilisi, 26 noyabr, AZƏRTAC
Riqa Sammitindən keçən dövr ərzində Parisdəki faciəvi hadisələr, Suriya sərhədindəki son proseslər də daxil olmaqla, çoxlu dəyişikliklər baş verib. Biz terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlıq etməliyik. Hazırda bu, gündəlikdə duran ən önəmli məsələdir.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə Şərq Tərəfdaşlığı ölkələrinin VI Qeyri-Rəsmi Nazirlər Dialoqu toplantısındakı çıxışında bildirib.
Nazir deyib ki, miqrasiya və insan hüquqları, fundamental azadlıqlar və antiradikalizm kimi məsələlərin müzakirəsində tarazlıq gözlənilməlidir. Həmçinin Avropada islamofobiya meyillərinin yayılmasının qarşısının alınması vacibdir.
Şərq Tərəfdaşlığı təşəbbüsünə üzv dövlətlər kimi tərəfdaş ölkələrdə insan hüquqlarının vəziyyətinə dair ünvanımıza mütəmadi əsasda tənqidlər səsləndirilir. Məsələ burasındadır ki, Avropa İttifaqının özündə insan hüquqlarının durumu da maraq doğurur. Əgər biz həqiqətən də qarşılıqlı sahiblik prinsipindən danışırıqsa, o zaman vətəndaş cəmiyyəti qurumları Avropa İttifaqına üzv dövlətlərin ərazisində insan hüquqlarının pozulması kimi məsələləri də qeyd etməlidir.
Xarici siyasət idarəsinin rəhbəri bildirib ki, enerji sektoru Avropa İttifaqı ilə münasibətlərimizdə aparıcı rol oynamaqda davam edəcək. “Cənub” qaz dəhlizi ilə bağlı işlər öz axarı ilə planauyğun şəkildə davam etdirilir. Azərbaycandan qazın 2018-ci ilin sonu və ya 2019-cu ilin əvvəlində Avropaya çatdırılması nəzərdə tutulub. “Cənub” qaz dəhlizinin nəzərdə tutulmuş zaman kəsiyində reallaşdırılması baxımından Avropa İttifaqının dəstəyi vacibdir.
Əməkdaşlığımızın digər mühüm sahəsi kimi nəqliyyat sahəsi qeyd edilə bilər. Azərbaycan, Türkiyə və Gürcüstanın ortaq təşəbbüsü olan İpək Yolu təşəbbüsü yalnız bizim üçün deyil, həm də Mərkəzi Asiya ilə əməkdaşlığı sürətləndirməkdə maraqlı olan Avropa İttifaqı üçün əhəmiyyətlidir. Bu nəqliyyat dəhlizi Avropanı Azərbaycan, Türkiyə və Gürcüstandan keçməklə ilkin mərhələdə bu region, perspektivdə isə Çinlə birləşdirəcək.
Vurğulanıb ki, əməkdaşlığımızın bünövrəsində ən zəif həlqə istisnasız olaraq münaqişənin nizamlanmamasıdır. “Biz hazırda həmsədrlər adından Rusiya tərəfindən irəli sürülmüş təkliflər üzərində işləyirik. Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında təmasların qurulması münaqişənin həlli istiqamətində mühüm elementlərdir və biz müzakirələrimizi bu elementlər üzərində cəmləşdirməliyik. Hər birimiz həll edilməmiş münaqişələrin regionda əməkdaşlığa başlıca əngəl olması barədə həmfikirik”, - deyə nazir diqqətə çatdırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi