ELMİ MƏQALƏLƏR MÜSABİQƏSİNİN QALİBLƏRİ SEÇİLMİŞDİR
Müsabiqənin qaliblərini mükafatlandırmaq və onların məqalələrinin ictimaiyyətə çatdırılmasına imkan yaratmaq məqsədi daşıyan simpoziumda münsiflər heyəti 23 məqalə arasından ən yaxşı üçünü müəyyənləşdirmişdir. Bağış Əhmədov “Sənaye müəssisələrində korporativ idarəetmənin təşəkkülü xüsusiyyətləri”, Aqşın Əlizadə “Korporativ idarəetmə biznesdə uğurun əsas elementi” və Rəşad Rəsullu “Korporativ idarəetmə sistemində korporativ katibin rolu” məqalələrinə görə ilk üç yerə layiq görülmüşlər. Əkrəm Həsənov isə “Azərbaycanda korporativ idarəetmənin hüquqi aspektləri” məqaləsinə görə həvəsləndirici mükafat almışdır.
Xatırladaq ki, Azərbaycanın tələbələrinə, elmi işçilərinə və tədqiqatçılarına korporativ idarəetmə sahəsində araşdırmalar aparmaq və məqalə yazmaq üçün müvafiq stimul vermək məqsədi ilə təşkil olunmuş müsabiqə 2005-ci ilin iyununda elan olunmuş və məqalələrin qəbulu sentyabrın 30-da başa çatmışdır. Birinci yer üçün 500, ikinci yer üçün 300 və üçüncü yer üçün 150 ABŞ dolları məbləğində pul mükafatı təsis olunmuşdu. Birinci yeri tutan məqalənin müəllifi üçün İstanbul Fond Birjasına səyahət təşkil ediləcəkdir. Qaliblərin əsərləri “Korporativ idarəetmənin icmalı” adlı bülletendə dərc olunacaqdır.