“Elmi obyektivlik” maskası altında təqdim edilən dezinformasiya və onunla mübarizə üsulları
Bakı, 4 may, AZƏRTAC
Son vaxtlar beynəlxalq mediada yayılan materiallar və ortaya çıxan videoaçıqlamalar onu göstərir ki, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo süni intellekt texnologiyalarından, o cümlədən Braziliyadakı elmi mərkəzlər və superkompüter imkanlarından istifadə etməklə müəyyən regionlar üzrə, xüsusilə Qarabağ mövzusu ətrafında informasiya təsir mexanizmləri qurmağa çalışır.
Bu yanaşma ilk baxışda “akademik layihə” kimi təqdim olunsa da, əslində, hazırlanan məlumatların siyasətçilərə, beynəlxalq qurumlara və media platformalarına ötürülməsi, beləliklə də müəyyən mövqelərin “ekspert rəyi” adı altında yayılması ciddi suallar doğurur. Çünki bu, informasiyanın obyektiv təqdimatından çox, onun yönləndirilməsi və təsir alətinə çevrilməsi kimi görünür.
Başqa sözlə, söhbət artıq sadə informasiya mübadiləsindən deyil, texnologiyaların köməyi ilə daha geniş miqyasda ictimai rəyə təsir göstərmək cəhdlərindən gedir. Bu isə informasiya müharibəsinin yeni – daha texnoloji mərhələyə keçdiyini göstərir və belə fəaliyyətlərin beynəlxalq hüquq və şəffaflıq prinsipləri baxımından ciddi şəkildə araşdırılmasını zəruri edir.
Mövzu ilə bağlı siyasi şərhçi Elnur Ənvəroğlu AZƏRTAC-a açıqlamasında bildirib ki, müasir dövrdə dezinformasiya kampaniyalarının xarakteri dəyişərək daha mürəkkəb və çoxşaxəli forma alıb: “Əvvəllər dezinformasiya daha çox açıq təbliğat və ya saxta xəbərlər üzərindən həyata keçirilirdisə, müasir dünyada bu proses “akademik araşdırma”, “policy brief” və “ekspert rəyi” kimi təqdim olunur: Bu isə sıravi insanlar üçün daha inandırıcı görünür, çünki müasir dövrdə informasiya artıq “elmi obyektivlik” maskası altında ötürülür”.
Siyasi şərhçi vurğulayıb ki, Luis Moreno Okampo kimi şəxslərin Azərbaycana qarşı qərəzli yanaşması uzun müddətdir müşahidə olunur: “O, müxtəlif erməni diaspora strukturları və Avropada yerləşən bəzi institutlar vasitəsilə Azərbaycanla bağlı əsassız və saxta iddialar irəli sürüb. Onun fəaliyyəti ilə bağlı vaxtilə dəfələrlə korrupsiya ittihamları səsləndirilib, səlahiyyətlərindən sui-istifadə halları qeyd olunub və bu gün də həmin yanaşmanın davam etdiyini görürük. Hazırda dezinformasiya yalnız fərdi şəxslərin fəaliyyəti deyil, daha geniş koordinasiyalı mexanizmlər çərçivəsində həyata keçirilir. Akademik institutlar, media platformaları və siyasi lobbiçilik paralel şəkildə fəaliyyət göstərməlidir. Təsir əks-təsirə bərabər olmalıdır ki, qarşı tərəfin hibrid hücumlarının qarşısı vaxtında alınsın. Qarşı tərəf informasiya boşluğundan istifadə edərək birtərəfli narrativlər irəli sürür və bununla da beynəlxalq ictimai rəydə yanlış təsəvvür formalaşdırmağa çalışır”.

O bildirib ki, Qarabağ mövzusu hələ də həssas olaraq qalır və bu istiqamətdə müxtəlif manipulyasiya cəhdləri müşahidə olunur. Xüsusilə bu mövzu ətrafında aparılan təbliğat kampaniyaları göstərir ki, bəzi dairələr məqsədli şəkildə ictimai rəyi yönləndirməyə çalışır və bu prosesdə müxtəlif vasitələrdən istifadə edilir.
“Belə şəraitdə Azərbaycan da adekvat və sistemli yanaşma ortaya qoymalıdır. Saxta məlumatların operativ şəkildə ifşa olunması üçün xüsusi mexanizmlərin yaradılması zəruridir. Media bu istiqamətdə mühüm rol oynayır. Eyni zamanda, süni intellekt və digər rəqəmsal alətlərin imkanlarından maksimum istifadə edilməlidir. Müasir dövrdə informasiya müstəvisi artıq hibrid qarşıdurmanın əsas komponentlərindən birinə çevrilib. Azərbaycan bu reallığı nəzərə alaraq, mövcud texnoloji imkanları effektiv şəkildə tətbiq etməli və informasiya təhlükəsizliyini təmin etmək üçün yeni alətlərdən istifadə etməyi bacarmalıdır”, - deyə ekspert əlavə edib.
Müxbir - Səbinə Əlizadə