Elmi seminar: “Bir portretin tarixçəsindən”
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində görkəmli rus rəssamı İsaak Brodskinin anadan olmasının 135-ci ildönümünə həsr edilən “Bir portretin tarixçəsindən” mövzusunda elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir muzeyin və Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Seminarda çıxış edən tarix üzrə fəlsəfə doktoru Fuad Ağayev mövzunun aktuallığını diqqətə çatdırıb.
Muzeyin elmi katibi, dosent Fərhad Cabbarov məşhur xeyriyyəçi, mesenat, sahibkar Hacı Zeynalabdin Tağıyevin fəaliyyətindən, milli təhsilə yardımından bəhs edib. Alim, eyni zamanda, H.Z.Tağıyevlə görkəmli rəssam İ.Brodskinin görüşü, portretin yaranma tarixçəsi barədə ətraflı məlumat verib.
Muzeyin bərpaçı-rəssamı Gülşən Hacıyeva portretin bərpasından danışıb.
Qeyd edək ki, XX əsrin əvvəllərində rəssam İ.Brodskinin yaradıcılığı Azərbaycanla bağlı olub. O, H.Z.Tağıyevin portretini çəkmək kimi məsuliyyətli işin öhdəsindən uğurla gəlib. Hazırda həmin portret Milli Azərbaycan Tarixi Muzeyində yerləşən H.Z.Tağıyevin xatirə muzeyində nümayiş olunur.