Elmi sessiya: “Azərbaycanda antropologiya elminin bugünkü vəziyyəti və perspektivləri”
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda “Elm günü”nə həsr olunmuş “Azərbaycanda antropologiya elminin bugünkü vəziyyəti və perspektivləri” mövzusunda elmi sessiya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə müəssisənin direktoru, professor Maisə Rəhimova Azərbaycanda ilk dəfə qeyd edilən “Elm günü”nün əhəmiyyətindən danışıb. O, “Elm günü” münasibətilə institut əməkdaşlarını təbrik edib, onlara elmi yaradıcılıqlarında uğurlar arzulayıb.
İnstitutun antropologiya mərkəzinin rəhbəri, professor Əliağa Məmmədlinin “Azərbaycanda antropologiya elminin bugünkü vəziyyəti və perspektivləri” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi “antropologiya” anlayışının müasir elmdə geniş və dərin mənası barədə ətraflı məlumat verib. Bildirilib ki, indiyədək antropologiya dedikdə əsasən fiziki antropologiya, yəni arxeoloji qazıntılar nəticəsində tapılan insan qalıqlarının tədqiqi və ya müasir insanların fiziki-bioloji parametrləri ehtiva edilirdi. Amma artıq antropologiya məfhumu mədəniyyətin tərkib hissələri ilə bağlı bütün istiqamətləri özündə birləşdirir. Qlobal təsnifatda müasir antropologiyanı iki yerə ayırmaq lazımdır: sosial və bioloji (fiziki) antropologiya.
Ə.Məmmədli istər sosial, istərsə də fiziki antropologiya üzrə aparılan tədqiqatlarla bağlı dünya təcrübəsindən söz açıb, yeni yaradılan antropologiya mərkəzinin qarşısında duran vəzifələr barədə sessiya iştirakçılarına məlumat verib.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.