İQTİSADİYYAT
“Əmanətlərin sığortalanması sistemi və risklərin idarə edilməsi mexanizmi” mövzusunda təlim keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə savadlılığının təşviqi və tədrisi məqsədilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) üzvləri üçün “Əmanətlərin sığortalanması sistemi və risklərin idarə edilməsi mexanizmi” mövzusunda təlim keçirib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildirilib ki, təlim proqramının əsas qonağı və spikeri qurumun risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi olub. C.Rayi ARPA-nın üzvlərinə Azərbaycanda əmanətlərin sığortalanması sisteminin təşkili, ƏSF-nin yaradılmasının məqsədi və funksiyaları, risklərin idarə edilməsi sistemində tətbiq olunan tənzimləyici dəyişikliklər, habelə praktiki risklərin idarə edilməsi bacarıqları ilə bağlı geniş məlumat verib. Əlavə olaraq, C.Rayi təlim iştirakçılarını səmərəli risklərin idarə edilməsinin maliyyə sabitliyində rolu, süni intellektin köməyi ilə gözlənilən risklərin müəyyənləşdirilməsi, habelə böhran zamanı risklərin idarə edilməsi istiqamətində tətbiq olunan tənzimləyici dəyişikliklər mövzularında maarifləndirib.
Sözügedən proqram çərçivəsində ARPA-nın üzvləri praktiki olaraq risk və investisiya portfelinin effektiv idarə olunması, risklərin qiymətləndirilməsi, azaldılması, o cümlədən risk təsirlərinin minimuma endirilməsi yolları ilə tanış olublar.