Əməkdar məşqçi: Aparıcı cüdoçularımız üçün əsas məsələ reytinqdə ilk sıraları qorumaqdır
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycanın aparıcı cüdoçularının “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına qədər dünya reytinqində ön sıralardakı mövqelərini qoruması vacibdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Əməkdar məşqçi Tərlan Həsənov Çinin Sindao şəhərində keçiriləcək Qran-Pri turnirində çıxış edəcək Azərbaycan cüdoçularının şanslarını dəyərləndirərkən deyib.
Mütəxəssis bildirib ki, Balabəy Ağayev (60 kiloqram), Zelim Kotsoyev (100 kiloqram), Zelim Tçkayev, Hidayət Heydərov (hər ikisi 81 kiloqram) və digər aparıcı cüdoçuların əsas məqsədi reytinqdə ön sıralarda yer almaqdır: “Bu idmançıları əvəz etmək asan deyil. Onlar artıq öz sözlərini deyiblər və hələ Olimpiadaya qədər kifayət qədər vaxt var. İndi əsas məqsəd reytinq xalları toplamaq və ilk səkkizlikdə, daha yaxşı halda ilk dördlükdə yer almaqdır. Bu, püşkatma zamanı üstünlük qazandırır. Reytinqdə yüksək pillədə olmayan idmançı ilk mərhələlərdən ən güclü rəqiblərlə qarşılaşa bilərlər”.
Tərlan Həsənov zədələrin aparıcı cüdoçular üçün ciddi problem yaratdığını vurğulayıb: “Əsas odur ki, ciddi zədələr olmasın. Cüdo elə idman növüdür ki, yarışlar arasında fasilə az olur. İdmançı həm çəki salır, həm də intensiv məşq edir. Zədə isə bərpa prosesini uzadır. Məsələn, Elcan Hacıyev də zədə səbəbindən reytinqdə geri düşdü. Halbuki o da çox güclü idmançıdır”.
Əməkdar məşqçi bildirib ki, bəzi cüdoçuların Sindao Qran-Prisində iştirak etməməsi məşqçilər korpusunun qərarıdır: “Məşqçilər şurası bəzi idmançıların həmin yarışdan kənarda qalmasına qərar verib ki, onlara istirahət versinlər. Digərləri isə reytinq xalları qazanmaq üçün Çində mübarizə aparacaqlar. Bundan sonra İsveçrədə daha bir yarış olacaq. Ardınca isə Bakıdakı dünya çempionatına hazırlıq mərhələsi başlayacaq. Hazırda əsas diqqət Los-Anceles Olimpiadasına deyil, Bakıda keçiriləcək dünya çempionatına yönəlib”.
Qeyd edək ki, iyunun 26-28-də keçiriləcək Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda Azərbaycanın 17 cüdoçusu (11 kişi, 6 qadın) 10 çəki dərəcəsində qüvvəsini sınayacaq. Zelim Kotsoyev (100 kiloqram) və Madina Kaisinova (+78 kiloqram) zədə səbəbindən turniri buraxacaq.