Əmlak Məsələləri Dövlət Komitəsində Qanlı Yanvar hadisələrinin ildönümü ilə bağlı anma tədbiri keçirilib
Bakı, 15 yanvar, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsində Qanlı Yanvar hadisələrinin 25-ci ildönümü ilə bağlı anma tədbiri keçirilib.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, tədbir iştirakçıları 1990-cı il 20 yanvar gecəsində azadlıq və suverenlik uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev daim tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılmasına xüsusi diqqət yetirir.
Tədbirdə 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğu xatırlanaraq 25 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs olunub. Qeyd edilib ki, həmin müdhiş gecə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı ən amansız və dəhşətli cinayət törədilib. 20 Yanvardan sonrakı günlərdə də Bakıda qırğın davam etdirilib.
Yanvarın 19-dan 20-nə keçən gecə 137 mülki şəxs qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Sovet qoşunları 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv ediblər. Bakının infrastukturuna xeyli ziyan dəyib. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın və uşaq olub.
Vurğulanıb ki, varlığı ilə Vətəninə və millətinə bağlı olan böyük vətənpərvər, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün maneələrə baxmayaraq xalqının səsinə birinci səs verib. Ömrü boyu xalqın yanında olan Ulu Öndərimiz faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırıb. O imperiyanın Azərbaycana və onun xalqına qarşı qanlı təcavüzünə kəskin etirazını və hiddətini bildirib, faciəni törədənlərin cəzalandırılmasını tələb edib.
Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanıb. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür sosial yardımın göstərilməsi təmin edilib.
Tədbirdə qeyd olunub ki, gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir, ordumuz güclənir. Bütün bunlar isə torpaqlarımızın erməni işğalından azad ediləcəyi günü yaxınlaşdırır. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir azərbaycanlı öz üzərində daim çalışmalı, Vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcumuzu yerinə yetirmiş olarıq.
Sonda bir daha bildirilib ki, Azərbaycan dövləti və xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək.