“Ən yaxşı videotəqdimat” müsabiqəsinin vaxtı uzadılıb
Bakı, 26 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Ən yaxşı videotəqdimat” müsabiqəsinə müraciətlərin qəbulu üçün verilən vaxt uzadılıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, dərnək rəhbərləri arasında keçirilən, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan “Ən yaxşı videotəqdimat” müsabiqəsi mayın 30-dək davam edəcək.
Müsabiqə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilində dahi şairin irsinin öyrənilməsi və tanıdılması, eyni zamanda, dərnək rəhbərləri ilə aparılan işlərin daha da gücləndirilməsi, tədrisə müasir yanaşmaların təbliğ olunması, bacarıqlı, mütərəqqi fikir və düşüncəli dərnək rəhbərlərinin üzə çıxarılması məqsədilə təşkil edilir. Müsabiqə iştirakçıları təqdimatla çıxış edəcək. Çıxışlar video formatında BŞTİ-nin [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Müsabiqənin əsas mövzuları “Nizami Gəncəvi yaradıcılığına çəkilmiş illüstrasiyalar”, “Nizami poeziyasının çoxşaxəliliyi”, “Azərbaycan təbiətinin Nizami Gəncəvi yaradıcılığında yeri”, “Nizami yaradıcılığının musiqi ilə inteqrasiyası”, “Nizaminin elmi və astronomik düşüncələrinin bugünkü elm tərəfindən sübutu”ndan ibarətdir.
Qiymətləndirilmə zamanı təqdimatın mövzuya uyğunluğu, nəzəri əsasların olması, ümumi yanaşma, məlumatın toplanması və təhlili, əldə edilmiş nəticənin aydın və səlis şəkildə təqdim olunması, təqdimatın mövcud elmi biliklərin və təcrübənin inkişafına töhfəsi əsas meyarlar kimi götürüləcək.
Ümumilikdə 6 iştirakçı (1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yer) müsabiqənin qalibi seçiləcək.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək. 10 nəfər isə fəal iştirakına görə “Tərifnamə” ilə təltif olunacaq.