“Energetika haqqında” qanun layihəsində dövlətin bu sahədəki siyasətinin əsas prinsipləri açıqlanıb
Bakı, 18 sentyabr, AZƏRTAC
“Energetika haqqında” yeni qanun layihəsində dövlətin bu sahədəki siyasətinin əsas prinsipləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sentyabrın 18-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsində qeyd edilir ki, energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
- energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması;
- energetika sahəsində ayrı-seçkiliyin yolverilməzliyi;
- energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı;
- bu Qanunla müəyyən edilmiş hallarda energetika sahəsində fəaliyyət növlərinin ayrılması;
- enerji istehlakçılarının hüquqlarının müdafiəsi;
- energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi.
Sənədə görə ölkənin enerji təhlükəsizliyi aşağıdakı vasitələrlə təmin edilir:
- enerji mənbəyi olan təbii ehtiyat yataqlarının işlənilməsi və hasilatının, enerji istehsalının və saxlanmasının, idxalı və ixracı üzrə öhdəliklərin ölkənin perspektiv inkişaf planları və proqnozlaşdırılan enerji tələbatı ilə uzlaşdırılması;
- bərpa olunan enerji mənbələri hesabına enerji istehsalının genişləndirilməsi;
- enerji ehtiyatlarının yaradılması və enerji təhlükəsizliyini təmin etmək üçün tələb olunan səviyyədə saxlanılması;
- enerji resurslarından səmərəli istifadənin təmin edilməsi və enerji effektivliyinin artırılması.