ƏR-RİYADDA BEYNƏLXALQ KONFRANS
Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı Məlikliyi və “Dünya İslam Gənclər Assambleyası” beynəlxalq humanitar təşkilatı tərəfindən təşkil edilmiş “Gənclər və qloballaşma” mövzusunda IX beynəlxalq konfrans keçirilmişdir.
Dövlətqaçqınkomun Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentindən AZƏRTAC-a bildirmişlər ki, dünyanın 40-dək ölkəsindən 600-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə respublikamızı Nazirlər Kabinetinin Qaçqınların və məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsi müdirinin müavini Qurban Sadıqov təmsil etmişdir.
Azərbaycan nümayəndəsi çıxışında Prezident Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğı və diqqətdən, onların doğma yurdlarına qayıtmaları üçün görülən tədbirlərdən danışmışdır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tarixi kökləri - XIX əsrdə imperiya qüvvələrinin dəstəyi ilə ermənilərin kütləvi şəkildə Azərbaycanın ərazilərinə köçürülməsi, Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra Azərbaycanın əzəli torpaqları hesabına erməni dövlətinin yaradılması, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı, ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə başlanmış münaqişə nəticəsində bir milyon azərbaycanlının qaçqın-köçkün vəziyyətinə düşməsi, onların əksəriyyətinin on ildən bəri çadır düşərgələrində dözülməz şəraitdə yaşaması və bütün bunların ağır sosial problemlər doğurması barədə ətraflı məlumat vermişdir.
Bundan əlavə, ayrı-ayrı nümayəndə heyətləri ilə söhbətlərdə də ölkəmizin ən ağrılı problemi haqqında fikir mübadiləsi aparılmışdır. Tədbir iştirakçılarına baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun beynəlxalq konfranslarda bu problemlə bağlı çıxışlarının ingilis və ərəb dillərində mətnləri, Azərbaycanın qaçqın və məcburi köçkünləri barədə statistik materiallar paylanılmış, habelə “Azərbaycan faciəsi”, “Azərbaycan qaçqınları” videofilmləri təqdim olunmuşdur.