Ərəb mətbuatında Brüssel görüşü barədə analitik məqalə dərc olunub
Qahirə, 18 dekabr, AZƏRTAC
İraq, Əlcəzair və Suriya KİV-ində suriyalı həkim, Türkiyə və Avrasiya məsələləri üzrə tədqiqatçı Muhtar Fatih Beydilinin “Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünün nəticələri” sərlövhəli analitik məqaləsi yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “Mustağil” informasiya agentliyi, “Cəzairinfo”, “Əfkarhürə” və “Suriya türkmənləri” portallarında yerləşdirilmiş məqalədə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşün Cənubi Qafqazda gərginliyin aradan qaldırılması və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılmış mühüm addım olduğu diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, Ermənistan bu il noyabrın 26-da Soçidə dəmir yolu xəttinin bərpası və nəqliyyat dəhlizlərinin açılmasına dair üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyini təsdiq edib. Eyni zamanda, sərhədlərin delimitasiyası və demarkasiyası tezliklə həyata keçiriləcək.
Azərbaycan və Ermənistan liderləri arasında görüşlərin Cənubi Qafqazda sabitliyin təmin olunması baxımından əhəmiyyətindən bəhs edən müəllif yazır ki, Prezident İlham Əliyev müzakirə olunan məsələlər arasında Zəngəzur dəhlizinin açılmasına xüsusi önəm verir. Müharibədən sonra imzalanmış üçtərəfli Bəyanatda da göstərilir ki, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyatın sərbəst hərəkətinin təhlükəsizliyini təmin etməlidir. Eyni zamanda, Laçın dəhlizində olduğu kimi, bu dəhlizdə də gömrük postları olmamalıdır.
Məqalədə, həmçinin Brüssel görüşündə işğaldan azad olunmuş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi məsələsinin də müzakirə edildiyi diqqətə çatdırılır, ərəbdilli oxuculara 44 günlük Vətən müharibəsində Qələbəmiz haqqında müfəssəl məlumat verilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə