Ermənilərin törətdiyi vəhşiliklər bəşəri cinayətdir
Ağsu, 31 mart, AZƏRTAC
Ağsuda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən yığıncaq olub.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən, ictimaiyyət nümayəndələrinin də qatıldığı yığıncaqda əvvəlcə azərbaycanlılara qarşı törədilən soyqırımını konkret tarixi faktlarla təqdim edən film göstərilib.
Sonra dinlənilən məruzə və çıxışlarda zaman-zaman xalqımıza qarşı həyata keçirilən məkrli planlardan, törədilən qətliamlardan danışılıb. Konkret tarixi faktları diqqətə çatdıran natiqlər 1813-cü və 1828-ci illərdə bağlanan “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra 130 min nəfərədək erməninin Naxçıvan və Qarabağ xanlıqları ərazilərinə köçürülərək məşkunlaşdırıldığından, bu zaman azərbaycanlıların öz dədə-baba torpaqlarından sıxışdırılaraq çıxarılmasından danışıblar. Bildirilib ki, 1828-ci il martın 21-də rus imperatoru I Nikolayın İrəvan və Naxçıvan xanlıqlarının əraziləri hesabına “Erməni vilayəti” yaradılması haqqındakı qərarı məhz Azərbaycan türkləri üçün gələcək dəhşətli günlərin əsasını qoyub. XX əsrin əvvəllərindən etibarən ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirərək kütləvi qətliamlar törədiblər. 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərliyi ilə həyata keçirilən növbəti soyqırımına diqqəti cəlb edən natiqlər o vaxt Ağsu ərazisinin də daxil olduğu Şamaxı qəzasında erməni daşnaklarının qəza mərkəzini və 86 kəndi dağıtdıqlarını, insanların kütləvi surətdə qətlə yetirildiyini bildiriblər. Təkcə 53 kənddə aparılan araşdırmaların nəticələrinə görə 8027 nəfər (bəzi məlumatlarda 40 min) azərbaycanlının amansızlıqla öldürüldüyü müəyyənləşdirilib. Qətlə yetirilənlərin də yarısı uşaq və qadınlar olub.
Yığıncaqda ötən əsrin sonlarında on minlərlə azərbaycanlının qətlindən, əsrin faciəsi olan Xocalı soyqırımından, torpaqlarımızın 20 faizinin işğalından və digər dəhşətli hadisələrdən də ətraflı bəhs edilib.
Məruzə və çıxışlarda Dağlıq Qarabağın işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etdiyi, lakin dünyanın aparıcı dövlətlərinin ikili standartlar mövqeyi üzündən bu qətnamələrin hələ də yerinə yetirilmədiyi təəssüflə diqqətə çatdırılıb. Habelə vurğulanıb ki, vaxtilə ümummilli lider Heydər Əliyevin, bu gün isə Prezident İlham Əliyevin erməni daşnaklarının məkrli niyyətlərinin qarşısının alınması, xalqımıza qarşı törədilən soyqırımının dünya ictimaiyyətinə tanıdılması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardıqları ardıcıl və məqsədyönlü mübarizə öz nəticələrini verəcəkdir.
Sonda yığıncaq iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət qəbul olunub.