Ermənistan Azərbaycanın təkliflərinə cavab verməməklə sülhün təminatına zərbə vurur
Bakı, 23 yanvar, AZƏRTAC
Orta Dəhliz iqtisadi cəhətdən səmərəli və effektliliyi ilə dünya dövlətlərinin diqqətini cəlb edir. Belə ki, Çindən Avropaya və əks istiqamətdə daşınan yüklərin son məntəqəyə çatdırılmasına okean üzərindən təxminən 40 gün vaxt tələb olunur. Orta Dəhliz vasitəsilə isə buna 15 gün vaxt sərf olunur. Orta Dəhliz vasitəsilə yük daşımalarının həcminin artırılması istiqamətində Azərbaycanda böyük layihələr icra edilib. Bu məqsədlə ölkə ərazisində 10 min kilometrdən çox avtomobil yolu, 1400 kilometr dəmir yolu çəkilib, Beynəlxalq Dəniz Limanı tikilib istifadəyə verilib. Orta Dəhliz vasitəsilə tranzit ölkə olaraq Azərbaycan üzərindən keçən yükdaşımaların həcmi 6 dəfə artıb. Artıq dünya Azərbaycanı neft - qaz ölkəsi olmaqla yanaşı, yaşıl enerji ölkəsi kimi də tanıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
O bildirib ki, Davos İqtisadi Forumunda Prezident İlham Əliyev Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyində oynadığı rolu, eləcə də Azərbaycanda bərpaolunan elektrik enerji sahəsində həyata keçirilən böyük layihələrdən söhbət açıb. Azərbaycandan Avropaya elektrik enerjisinin ixrac potensialını qeyd edən dövlətimizin başçısı Davos Dünya İqtisadi Forumu çərçivəsində "Avrasiya Orta Dəhlizi: Yoldan marşruta" mövzusunda keçirilən plenar iclasda Orta Dəhlizin üstünlükləri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən böyük nəqliyyat-logistika və beynəlxalq iqtisadi layihələrin əhəmiyyətini qeyd edib. Prezident "Vahid pəncərə" sisteminin tətbiq edilməsi üçün iştirakçı dövlətlərlə əməkdaşlıq aparılmasının vacibliyini gündəmə gətirib. Bu sistemin tətbiq olunması yükdaşımalarda səmərəliliyi artırmaqla yanaşı, yüklərin daha tez çatdırılmasına səbəb olacaq. Orta Dəhlizin genişləndirilməsi tranzit ölkə olaraq Azərbaycan üçün çox əhəmiyyətlidir. Bu, ölkəmizə iqtisadi gəlir gətirməklə yanaşı, yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın həcminin artmasına böyük töhfə verəcək. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub marşrutları üzərində yerləşməsi böyük biznes imkanlarının da yaranmasına gətirib çıxaracaq.
“Azərbaycanda inşa edilən və yükdaşıma qabiliyyəti 15 milyon ton olan dəniz limanının həcminin 25 milyon tona qədər genişləndirilməsi üçün dövlət tərəfindən vəsait ayrılıb. Yaxın vaxtlarda Ələtdə Azad İqtisadi Zonanın açılışı olacaq. Orta Dəhlizin Azərbaycan üzərindən şaxələnməsi iqtisadi səmərədən əlavə, ölkəmizin siyasi nüfuzunun da artmasına səbəb olacaq.
Beynəlxalq aləmdə iqtisadi layihələrin reallaşdırılması üçün qonşu dövlətlərin mehribanlıq və qonşuluq əlaqələrinin yüksək səviyyədə olması vacib məsələdir. Bu gün Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə, Türkiyə-Gürcüstan əlaqələri ən yüksək səviyyədədir. Üç ölkə arasında xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri, eləcə də liderlərin sammiti baş tutub. Təəssüf ki, Ermənistan region dövləti olaraq ikitərəfli və çoxtərəfli görüşlərdən, həyata keçirilən iqtisadi layihələrdə iştirak etməkdən imtina edir. Ermənistan sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfinin beynəlxalq hüquqa söykənən təkliflərinə cavab verməməklə regionda sülhün təminatına zərbə vurur. Ermənistan sülhün bərqərar edilməsi üçün konstruktiv addımlar atarsa regional, beynəlxalq layihələrdə yaxından iştirak edərsə, bölgə daha təhlükəsiz olar”, - deyə Kamilə Əliyeva vurğulayıb.