Ermənistan mina xəritələrindən siyasi şantaj vasitəsi kimi istifadə edir
Bakı, 24 noyabr, AZƏRTAC
Ermənistan mina xəritələrindən siyasi şantaj vasitəsi kimi istifadə edir. Rəsmi İrəvanın bu siyasəti bütün region üçün təhdiddir.
Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında deyib.
C.Xəlilov bildirib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi onun terrorçu, təcavüzkar xarakterinin təcəssümüdür. Ermənistan bəzi rayonlarla bağlı mina xəritələrini Azərbaycana versə də, bu xəritələrin yetərincə dəqiq olmadığı, oradakı məlumatların sadəcə 25 faizinin təsdiqini tapdığı məlum oldu. Başqa sözlə desək, Ermənistan rayonlarımızda basdırdığı minaların dəqiq xəritəsini ölkəmizə vermədi. Burada məqsəd Azərbaycanın minalarla mübarizəsini zəiflətmək, bu mübarizənin sürət və tempini aşağı salmaqdır. Bu, bir daha göstərir ki, Ermənistan tərəfi regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil. Bu siyasət həm də Ermənistanın terrorçu xarakterini bir daha ortaya qoyur. Bu, onu göstərir ki, Ermənistan bu gün də mina terrorunu davam etdirir və bu terroru dayandırmaq niyyətində deyil.
Ehtiyatda olan polkovnik vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinin uzanması vaxtilə bu torpaqlardan didərgin salınmış insanların doğma yurdlarına qayıtması yolunda əsas maneədir. Bu ərazilərə qayıdışın başlıca şərti vətəndaşlarımızın təhlükəsizliyinin tam təmin edilməsi, ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır. Vətən müharibəsindən dərhal sonra dövlətimiz bu istiqamətdə mühüm addımlar atıb və bu gün də atmaqdadır. Bu baxımdan ANAMA-nın fəaliyyəti xüsusilə qeyd edilməlidir. Məhz ANAMA-nın əməkdaşlarının səyi nəticəsində hektarlarla ərazi minalardan təmizlənib, orada quruculuq işlərinin həyata keçirilməsi üçün lazım olan təhlükəsizlik təmin edilib. Lakin Azərbaycan tərəfinin əlində minalanmış ərazilərin dəqiq xəritəsi olmadığı üçün bu prosesi maksimum sürətlə həyata keçirmək mümkün deyil. Bu isə otuz il bundan əvvəl həmin torpaqlardan didərgin salınan vətəndaşlarımızın dədə-baba torpaqlarına qayıdışına mane olur, bu prosesi uzadır.
“Ermənistan Vətən müharibəsində rüsvayçı məğlubiyyətə uğramasına baxmayaraq, hələ də vətəndaşlarımızın geri qayıdışına mane olmağa çalışır. Əslində, işğalçı dövlət Azərbaycana qarşı terror siyasəti aparmaqla bilavasitə Azərbaycanın ərazi bütövlüyü əleyhinə addımlar atmağa çalışır. Bunun özü beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Təbii ki, Azərbaycan dövləti işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesini istənilən halda uğurla başa çatdıracaq, vətəndaşlarımızın bu torpaqlara qayıdışını təmin edəcək. Lakin Ermənistanın mina terroru siyasəti tarixin yaddaşında erməni faşizminin qorxunc təzahürlərindən biri kimi daim nifrət və ikrah hissi ilə xatırlanacaq”, - deyə polkovnik vurğulayıb.