Ermənistan təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş şəxsləri dərhal azad etməlidir
Bakı, 10 mart, AZƏRTAC
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma “apelyasiya prosesi”nin başa çatması ilə bağlı Ermənistan kütləvi informasiya vasitələrində yayılmış məlumata münasibət bildirib.
H. Hacıyev bildirib ki, “məhkəmə prosesi”nin heç bir hüquqi əsası yoxdur və qəbul edildiyi iddia olunan “qərarlar” da heç bir hüquqi mahiyyət kəsb edə bilməz.
Qondarma məhkəmə prosesi vasitəsilə öz üzərinə düşən məsuliyyəti gizlətməyə çalışan Ermənistan tərəfi anlamalıdır ki, Cenevrə Konvensiyalarına əsasən nə zaman və harada olmasından asılı olmayaraq, mülki şəxslərin girov götürülməsi qadağandır.
Dilqəm Əsgərov və Şahbaz Quliyevi ən qəddar fiziki işgəncələrə məruz qoyan Ermənistan bu kimi qurama məhkəmə prosesi vasitəsilə onları həm də mənəvi və psixoloji işgəncələrə məruz qoyur. Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə və beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin girovların azad edilməsi barədə çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir.
Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş şəxsləri dərhal azad etməlidir.
Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmaslar davam etdiriləcək.