“Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimatı keçirilib
Bərdə, 25 fevral, AZƏRTAC
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimatı olub. Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsində qalib gələn “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” layihəsi çərçivəsində nəşr edilən kitabda qədim oğuz-türk yurdu olan və bu gün Ermənistan adlandırılan ərazidə zaman-zaman dəyişdirilmiş toponimlər haqqında məlumatlər əks olunub.
AZƏRTAC xəbər verir ki, ictimaiyyət nümayəndələrinin, ziyalıların, kollecin müəllim və tələbələrinin iştirak etdiyi mərasimdə layihənin rəhbəri Zibeydə Eyvazova çıxış edərək, layihə və kitab haqqında məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi qədim oğuz-türk yurdu olan və bu gün Ermənistan adlandırılan ərazidə zaman-zaman dəyişdirilmiş toponimlər haqqında məlumat toplamaq və bu bilikləri ictimaiyyətə, xüsusilə gənc nəslə çatdırmaqdır. İndiki Ermənistan ermənilərin yox, türk mənşəli tayfaların yaşadığı ərazi olub. Buna görə də 1826-1828-ci ilə qədər bu ərazidəki yaşayış məntəqələrinin hamısının adı türk mənşəlidir. 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülüb. 1893-1895-ci illərdə isə indiki Ermənistana 900 min erməni köçüb. Yalnız bundan sonra İrəvan quberniyasında ermənilərin sayı azərbaycanlıların sayından çox olub. Ermənilərin növbəti addımı türk mənşəli toponimləri dəyişdirmək olub. Bəzi adları tərcümə ediblər, bəzilərinə yeni erməni adları qoyublar.
Kitabın tərtibçisi İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazov çıxışında diqqətə çatdırıb ki, toponimlərin dəyişdirilməsi ilə bağlı müəyyən tədqiqatlar olsa da, azlıq təşkil edir. Odur ki, bu sahədə tədqiqatın davam etdirilməsi və gənclərə çatdırılması həm tariximizin öyrənilməsi, həm də Ermənistanın təcavüzkar siyasətinin ifşası baxımından əhəmiyyətlidir. Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində əsassız iddialarına tutarlı cavab vermək üçün müdafiə olunmaq yox, əks-hücuma keçmək lazımdır. Belə ki, işğalçı Ermənistanın Yuxarı Qarabağa iddialarının əsassız olduğunu göstərməyin təsirli yollarından biri ermənilərin bu bölgəyə köçürüldüklərini və burada olan toponimləri sonradan dəyişdirmələrini sübut etməkdir. Bugünkü Ermənistan ərazisindəki toponimlərin azərbaycanca olan adlarının göstərilməsi yaxın tariximizin unutdurulmaması baxımından da vacibdir.
Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Xosrov Musayev, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Qasımov, AZƏRTAC-ın bölgə müxbiri Tahir Ağaməmmədov və başqaları tədbirdə çıxış edərək, kitabın əhəmiyyətindən söz açıb, gənclərimizin tariximizin öyrənilməsində, vətənpərvərlik ruhunda böyüməsində kitabın qiymətli mənbə olduğunu bildiriblər.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, ermənilər tərəfindən dəyişdirilən toponimlərimizlə bağlı fikir mübadiləsi aparılıb, iştirakçılara “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabı təqdim edilib.