ERMƏNİSTANDAKI ƏSİRLƏRİ DAĞLIQ QARABAĞDA NARKOTİK BİTKİLƏRİN BECƏRİLMƏSİNDƏ İŞLƏDİRLƏR
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ MƏTBUAT KONFRANSI
Məlum olduğu kimi, milliyyətcə erməni olan Roman Taryan və Artur Apresyan aprelin 8-də Azərbaycan ərazisinə qeyri-leqal keçərək, ANS müstəqil teleradio şirkətinə gəlmiş, televiziya efiri vasitəsilə Ermənistanda baş verən hadisələr barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mətbuat konfransının təşkil olunmasını xahiş etmişlər.
Aprelin 14-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində onların keçirdiyi mətbuat konfransında çıxış edən nazirliyin İnformasiya idarəsinin rəisi Məmməd Cəfərov həmin şəxslərin təqdim etdikləri sənədlərin ekspertizasının keçirildiyini və saxta olmadığını bildirdi. Təqdim olunmuş sənədlərdə əsasən, Apresyan Artur Surenoviçin 1956-cı ildə, Taryan Roman Qrantoviçin 1966-cı ildə Bakıda anadan olduqları göstərilir. Məmməd Cəfərov, həmçinin, bu şəxslərin Azərbaycan Respublikası ərazisinə necə keçmələrinin və ANS teleşirkətinə getdikləri marşrutun məlum olmasına baxmayaraq, bu barədə hər hansı bir açıqlamanın məqsədəuyğun sayılmadığını dedi.
Jurnalistlərin suallarına cavab verən ermənilər, bu cür hərəkətə onları vadar edən səbəblər kimi, Ermənistanda sosial iqtisadi vəziyyətin ağırlığını, yaşayış səviyyəsinin aşağı olmasını, Qarabağ müharibəsinin yenidən başlanması təhlükəsinin yaratdığı ümidsizliyi və Ermənistanda baş verən son hadisələri əsas gətirdilər.
Artur Apresyan 1999-cu ildən başlayaraq Ermənistanda məskunlaşmış qaçqınların ölkə rəhbərliyinə qarşı etiraz aksiyaları keçirdiklərini qeyd etdi. O, Ermənistan əhalisinin müharibə istəmədiyini tam əminliklə deyərək, Qarabağ torpaqlarının tarixən Azərbaycanın ərazisi olduğunu vurğuladı. İndiki Ermənistan iqtidarının hakimiyyətdə qalmaq üçün hər çür qanunsuz əməllərə əl atdığını deyən Roman Taryan isə, həmişə olduğu kimi, bu məqsədlə Qarabağ kartından da istifadə edildiyini bildirdi.
Ermənistanda azərbaycanlı əsirlərin olduğunu təsdiqləyən ermənilər, onların Dağlıq Qarabağ ərazisində narkotik bitkilərin becərilməsində işlədildiyini vurğuladılar.
Sonda ermənilər onların sözlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün şəraitin yaradıldığına görə Azərbaycan rəhbərliyinə minnətdarlıq etdilər.