CƏMİYYƏT
ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI TƏCAVÜZÜ BÜTÜN BEYNƏLXALQ TƏŞKİLATLARI, DÜNYA İCTİMAİYYƏTİNİ, ELƏCƏ DƏ MÜSƏLMAN ÖLKƏLƏRİNİ CİDDİ NARAHAT ETMƏLİDİR
Bakı, 7 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Müqəddəs Kitabımız - Qurani-Kərimin nazil olmasının 1400 illiyi münasibətilə İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin dini işlər nazirlərinin İstanbulda keçirilmiş toplantısında iştirak etmişdir.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın himayədarlığı və iştirakı ilə keçirilən görüşdə İKT-nin baş katibi Ekmələddin İhsanoğlu, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, İKT-yə üzv ölkələrin dini işlər nazirləri və digər rəsmi şəxsləri, eləcə də islam dünyasının nüfuzlu din xadimləri, tanınmış islamşünaslar və ilahiyyatçılar iştirak etmişlər.
Hidayət Orucov tədbirdə çıxış etmiş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin islam dininə və Qurani-Kərimə yüksək münasibətini görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Dövlət Komitəsinin sədri müqəddəs Kitabımızın müsəlmanların və islam dünyasının birliyi və həmrəyliyi baxımından böyük önəm daşıdığını qeyd etmişdir.
O bildirmişdir ki, elm və texnikanın sürətli inkişafına, qloballaşma prosesinin dərinləşməsinə baxmayaraq, hələ də müsəlmanlar arasında nifaq toxumu səpilir, məzhəb və təriqət ayrı-seçkiliyi yaşanır, islam dininin həmrəylik və humanizm ideyalarına kölgə salınır. İslam dünyasında mövcud münaqişələrin həlli istiqamətində səylər gücləndirilməli, təcavüzə məruz qalmış din qardaşlarımız müdafiə olunmalıdırlar. Bu, Qurani-Kərimin müsəlmanların üzərinə qoyduğu mənəvi borcdur. Təcavüzkar Ermənistan islam dünyasının tərkib hissəsi olan Azərbaycana qarşı dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparır. Bir milyondan artıq soydaşımız məcburi köçkün həyatı yaşayır, tarixi-dini abidələrimiz - məscidlər, ziyarətgahlar, türbələr və digər mədəniyyət nümunələrimiz erməni vandalizminin qurbanına çevrilmişdir. Bütün bunlar təkcə Azərbaycanı yox, bütün beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, xüsusilə də qardaş müsəlman ölkələrini narahat etməli və təxirəsalınmaz tədbirlər görülməlidir.
Komitə sədri Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Qurani-Kərimin yüksək zövqlə, möhtəşəm poliqrafik icrada işıq üzü gördüyünü iştirakçıların diqqətinə çatdırıb.
Qurani-Kərimin Azərbaycanda buraxılmış nəşri görüş iştirakçılarında böyük maraq və heyrət doğurmuşdur.
######