ERMƏNİSTANIN MÜTTƏFİQLƏRİ QALMAYIB
Moskvada çıxan “Nezavisimaya qazeta”nın 7 fevral tarixli nömrəsində Viktoriya Panfilovanın bu başlıq altında məqaləsi dərc edilmişdir. Məqalədə deyilir: “Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri Vardan Oskanyan və Elmar Məmmədyarov martın 2-də Praqada Dağlıq Qarabağ münaqişəsinin nizama salınması probleminə dair danışıqların növbəti mərhələsini keçirəcəklər. Araşdırıcıların əksəriyyətinin fikrincə, düşmən tərəflərin xarici siyasət idarələri başçılarının bu görüşü, indiki halda Azərbaycan üçün əlverişli ab-havada keçəcəkdir. Məsələ ondadır ki, bir həftə əvvəl AŞPA Dağlıq Qarabağ haqqında qətnamə qəbul etmişdir və bu sənəd erməni tərəfini kifayət qədər mürəkkəb vəziyyətə salmışdır. Tanınmış parlamentari Devid Atkinsonun (Böyük Britaniya) məruzəsinin yekunlarına əsasən Strasburqda qəbul edilən qətnamə onun sevinclə qarşılandığı Azərbaycandan fərqli olaraq, Ermənistanda və Qarabağda son dərəcə mənfi reaksiya doğurmuşdur”. Məqalənin müəllifi yazır ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bakı başlıca məsələyə - AŞPA-nın məruzəsində Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi faktının tanınması məsələsinə nail olmuşdur”. Beynəlxalq hüquq sənədində ilk dəfə olaraq Ermənistan təcavüzkar ölkə, Dağlıq Qarabağ rejimi isə separatçı rejim adlandırılmışdır. Bu bir yana, Atkinson öz məruzəsini şərh edərək bildirmişdir ki, Dağlıq Qarabağ öz müqəddəratını təyin etmək hüququna malik deyildir...”
V.Panfilova vurğulayır ki, “Atkinsonun məruzəsi erməni tərəfinin ciddi düşünməsi üçün səbəb olmalıdır. Rəsmi Yerevan bu sənədlə bağlı çox xoşagəlməz təəssüratı pərdələməyə çalışaraq, az qala “diplomatik qələbə”dən dəm vursa da, erməni diplomatiyasının məğlubiyyəti göz qabağındadır”.
Rusiya jurnalistinin fikrincə, “Qərb ekspertləri avropalıların MDB-də bu ən uzun sürən münaqişənin həllinə qoşulmaq niyyətini nəinki siyasi, eləcə də iqtisadi mənafelər baxımından əlaqələndirirlər. Bunu ATƏT-in Minsk qrupunun Fransadan yeni həmsədri Bernar Fasyenin sözləri də təsdiqləyir. O, ötən həftə Bakıda bildirmişdir ki, “Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi regionda sabitliyə, habelə Orta Asiya da daxil olmaqla, daha geniş məkanda iqtisadi layihələrin həyata keçirilməsinə çox böyük ziyan vurur”. Qeyd etmək lazımdır ki, ermənilər üçün sərfəli olmayan qətnaməyə AŞPA-da təkcə Qərb dövlətlərinin deputatları deyil, Rusiya nümayəndələri də səs vermişlər. Bu, o deməkdir ki, indiki məqamda Yerevanın etibarlı müttəfiqləri, sadəcə olaraq, yoxdur. Burada “marağı olan oyunçuların” “neft”, “nəqliyyat” və digər bu cür mənafelərini bəhanə gətirmək artıq yersizdir”.
Bir vaxtlar Avropada və Rusiyada Ermənistana olan aşkar rəğbət niyə tədricən açıq-aydın soyuqluqla əvəzlənir və ermənilərin yanaşmaları və mənafeləri açıq-aşkar rədd edilir? Bax, ilk növbədə, bu barədə düşünmək gərəkdir.