ERMƏNİSTANIN TƏCAVÜZKARLIQ SİYASƏTİ BÖLGƏDƏ SÜLH VƏ ƏMİN-AMANLIQ ÜÇÜN BÖYÜK TƏHLÜKƏDİR
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 8-də NATO Baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons ilə görüşmüşdür.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov, NATO ilə Azərbaycan arasında münasibətlərə toxunaraq, bu əlaqələrin daha da dərinləşməsində ölkəmizin maraqlı olduğunu bildirmiş və bunun üçün NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı və “Fərdi tərəfdaşlıq fəaliyyəti” Planı çərçivəsində fəal iş aparıldığını diqqətə çatdırmışdır. Azərbaycanın Avropa və Avratlantika strukturlarına inteqrasiyası istiqamətində fəal iş aparıldığını qonağın diqqətinə çatdıran nazir Elmar Məmmədyarov NATO ilə əlaqələrin daha da dərinləşdirilməsinin zəruri olduğunu vurğulamışdır.
NATO Baş katibinin səmimi salamlarını çatdıran Robert Simmons Azərbaycan-NATO münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirmiş və bu istiqamətdə Azərbaycan tərəfinin “Sülh naminə tərəfdaşlıq” Proqramı və “Fərdi tərəfdaşlıq fəaliyyəti” Planı çərçivəsində apardığı işin dəstəkləndiyini diqqətə çatdırmışdır.
Daha sonra ölkəmizdə aparılan sosial-siyasi islahatlar barədə qonağa məlumat verən nazir Elmar Məmmədyarov bu islahatların ümumi demokratik dəyərlərə əsaslandığını söyləmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Ermənistanın respublikamıza təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu və bir milyon azərbaycanlının öz Vətənində qaçqın və məcburi köçkünə çevrildiyini qonağın diqqətinə çatdırmışdır. Nazir Elmar Məmmədyarov, həmçinin Ermənistanın torpaqlarımızı işğal altında saxlamasının Azərbaycanın Avropa və Avratlantika strukturlarına inteqrasiyasına böyük maneə olduğunu söyləmişdir. Münaqişənin həlli istiqamətində görülən işlərdən söhbət açan E.Məmmədyarov, onun beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirmişdir.
Nazir demişdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni əhali məskunlaşdırır.
Robert Simmons NATO-nun münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırmış, problemin ATƏT-in Minsk qrupu çərçivəsində həlli yolunun təmsil etdiyi qurum tərəfindən dəstəkləndiyini bildirmişdir. O, həmçinin qaçqın və köşkünlərin öz torpaqlarına qaytarılmasının zəruriliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.