Əsmər Nərimanbəyova: Azərbaycan Parisdəki “Assosiasiyalar Forumu”nda hər zaman maraq doğurur
Bakı, 20 sentyabr, Anara Axundova, AZƏRTAC
Parisdə keçirilən və 300-ə yaxın milli assosiasiyanın iştirak etdiyi "Assosiasiyalar Forumu"nda Azərbaycanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) təmsil edib. ADFA stendində Azərbaycan xalqının tarixi və mədəniyyətinə həsr olunmuş kitab və broşuralar, xalçalar, mis məmulatları, eləcə də məşhur Azərbaycan rəssamı Əsmər Nərimanbəyovanın rəsmləri nümayiş olunub. Forum çərçivəsində təşkil olunmuş musiqili proqramda Azərbaycanın milli rəqsi təqdim edilib.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Əsmər Nərimanbəyova öz təəssüratları və tədbirdə iştirakından danışıb.
"Parlaq və rəngarəng stendimiz ziyarətçilərin böyük marağına səbəb oldu. Onlar ölkəmizlə bağlı çoxlu suallar verirdilər, nəşrlər və digər eksponatlarla tanış olurdular və əlbəttə ki, mütləq şəkildə ənənəvi şirniyyatlarımızı dadırdılar", - deyə o bildirir.
“Bu, çox gözəl təşəbbüsdür və Fransa-Azərbaycan Dialoqu Assosiasiyası artıq bir neçə ildir ki, Assosiasiyalar Forumunda zəngin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və özünəməxsus mətbəxinə həsr olunmuş stend təqdim edir", - deyə rəssam qeyd edərək, əlavə edib ki, xoşagəlməz hadisəyə baxmayaraq, ADFA-nın cari ildəki iştirakı da uğurlu olub.
Rəssamın sözlərinə görə, tədbir zamanı Paris merinin müavini Anuş Toranyan Azərbaycan stendinə yaxınlaşaraq təxribat törətməyə cəhd edib.
“Lakin təxribat uğursuz olub”, - deyə Əsmər Nərimanbəyova bildirib. - Bu davranışdan hiddətlənmiş və sözün əsl mənasında şoka düşmüş forum iştirakçıları və assosiasiya rəhbərləri onu dayandırdılar. Daha sonra 15-ci dairədən olan millət vəkili və digər rəsmi şəxslər bizə yaxınlaşaraq, həmkarının nələyiq hərəkətlərinə görə üzr istədilər”.
Qeyd etmək lazımdır ki, çoxsaylı assosiasiyaların iştirakı ilə keçirilən artıq ənənəvi forumda Fransa paytaxtında yaşayan xalqların nümayəndələri parisliləri və paytaxtın qonaqlarını öz mədəniyyətləri ilə tanış edir və il ərzində həyata keçirməyi planlaşdırdıqları proqramlar barədə onları məlumatlandırırlar.