ƏTRAF MÜHİTƏ ZİYAN VURAN MÜƏSSİSƏLƏR CƏZALANDIRILMIŞDIR
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, qurumun 5 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən rayonlarında “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək, 2008-ci ilin 7 ayı ərzində 51 akt və 31 protokol tərtib etmişdir.
Atmosfer havasının mühafizəsi sahəsində 10 akt, 4 məcburi göstəriş verilmiş, o cümlədən, müəssisə və təşkilatlara 3884,5 manat məbləğində məcburi ödəmə hesablanmışdır.
Su mühafizəsi sahəsində müəssisə və təşkilatlara 3948,4 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 8 təşkilat 43780 manat məbləğində cərimə edilmiş, 3 təşkilata 125836,6 manat məbləğində iddia qaldırılmış, o cümlədən, 1 müəssisə tərəfindən keçən ildən qalan 420 manat iddia ödənilmişdir. 7 iş isə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir.
Qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 1 təşkilat 16500 manat məbləğində cərimə edilmiş, 17 müəssisəyə qarşı 1230 manat məbləğində ödəmə hesablanmışdır.
Floranın mühafizəsi sahəsində 13 akt və 17 protokol tərtib edilmiş, 17 nəfər 11119,5 manat məbləğində cərimə olunmuş, 12 nəfərə qarşı 1909,4 manat məbləğində iddia qaldırılmışdır. 8 nəfər tərəfindən 494,4 manat məbləğində iddia, digər 8 nəfər tərəfindən isə keçən ilin qalıqları ilə birlikdə 1212,9 manat cərimə ödənilmişdir.
Faunanın mühafizəsi sahəsində 6 protokol tərtib edilmiş, 6 nəfər 6633 manat məbləğində cərimə olunmuş, 6 iş isə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir.