ELM VƏ TƏHSİL
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” kitabı çapdan çıxıb
Bakı, 22 dekabr, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə XX əsrdə yaşayıb yaratmış Cənubi Azərbaycan dilçisi, filoloq Əziz Dövlətabadinin fars dilində yazdığı “Süxənvərani-Azərbaycan” əsəri ilk dəfə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təzkirə tipli topluda X-XX əsrlərdə Azərbaycanın müxtəlif bölgə və şəhərlərində yaşayıb yaratmış şairlər və ədiblər haqqında məlumatlar və onların əsərlərindən nümunələr yer alıb. Kitab Azərbaycan ədəbiyyat tarixinin ayrı-ayrı mərhələlərini araşdırmaq üçün zəngin materialı ehtiva edir.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatının mühüm qaynaqlarından biri olan bu əsəri fars dilindən tərcümə edən filologiya üzrə fəlsəfə doktoru Jalə Şükürova, kitabın elmi redaktoru isə filologiya elmləri doktoru Nəsib Göyüşovdur.