Əziz Səncər: Türk dünyası böyük insan potensialına və istedadlı gənclərə malikdir
Bakı, 16 sentyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı”nda Kimya üzrə Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Əziz Səncərin müraciəti səsləndirilib.
AZƏRTAC xəbər verir ki, Əziz Səncər müraciətində Türk dünyasının bütün dünyada tanınması və sayılması üçün elmin vacibliyini vurğulayıb.
O, Türk dünyasının böyük insan potensialına və istedadlı gənclərə malik olduğunu bildirib.
Müraciətdə fundamental elmə investisiya qoyulmasının, gənclərin elmə yönləndirilməsinin, alimlər üçün azad iş mühitinin yaradılmasının, eləcə də türk dövlətlərinin alimləri və tədqiqat mərkəzləri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.
Əziz Səncər xüsusilə gənc alimlərin birgə araşdırmalar aparmasının əhəmiyyətini vurğulayıb və “Bunun yolu bəllidir: elm yaradacağıq və çox çalışacağıq”, – deyə Nobel mükafatı laureatının müraciətində bildirilib.
Qeyd edək ki, tədbirdə müraciəti İİTKM-in Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov səsləndirib.