İDMAN
“Əziz Şuşa” beynəlxalq velosiped turnirində 8 ölkədən 13 komanda iştirak edəcək VİDEO
Bakı, 8 iyul, AZƏRTAC
“Əziz Şuşa” beynəlxalq turnirində 8 ölkədən 13 komanda iştirak edəcək. Onlardan 4-ü ölkəmizi təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 9-10-da keçiriləcək “Əziz Şuşa” beynəlxalq velosiped turnirinə həsr olunan mətbuat konfransında Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva deyib.
Mütəxəssis bildirib ki, yarış beynəlxalq standartlara uyğun təşkil olunacaq. Artıq beynəlxalq qurumların nümayəndələri yarışa hazırlıqla tanış olub və müsbət fikirlərini söyləyiblər. “İyulun 9-da keçiriləcək birinci mərhələ Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu mərhələdə velosipedçilər 21 kilometr məsafədə fərdi ötüşmədə yarışacaqlar. İyulun 10-da gerçəkləşəcək ikinci mərhələyə isə Füzuli Beynəlxalq Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” hotelinin qarşısında yekun vurulacaq. İdmançılar sonuncu yarış günündə 71 kilometr məsafəyə qrup ötüşməsində güclərini sınayacaqlar”, - deyə E.Musayeva əlavə edib.
Qeyd edək ki, yarışda Azərbaycan ilə yanaşı, Türkiyə, Böyük Britaniya, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan və Özbəkistan komandaları da iştirak edəcəklər.