FACİƏNİN 10 İLLİYİNƏ HƏSR EDİLMİŞDİR
Xocalı soyqırımının 10 illiyi ilə əlaqədar fevralın 25-də Təzəpir məscidində ruhanilərin, dini konfessiyaların nüiayəndələrinin, Milli Məclis deputatlarının və xarici ölkə səfirlərinin iştirakı ilə yığıncaq keçirilmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə yığıncağı açaraq, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda baş vermiş faciəvi hadisələrin səbəblərindən ətraflı danışdı. O bildirdi ki, bu faciələrin ən dəhşətlisinin - Xocalı soyqırımının 10 illiyi ilə əlaqədar məscidlərdə mərasimlər keçirilmiş, qətlə yetirilmiş 500-dən çox insanın, o cümlədən körpələrin, qoca və qadınların ruhuna dua oxunmuşdur.
Hacı Allahşükür Paşazadə dedi ki, Qurban bayramı günü onun Azərbaycan Prezidenti Heydər Əliyevlə telefon danışığı olmuşdur. Söhbət zamanı o,dövlətimizin başçısına bu tədbirin təşkili barədə məlumat vermişdir. Prezident Heydər Əliyev yığıncağın keçirilməsi ideyasını bəyənərək, onun iştirakçılarına salam göndərmişdir. Şeyxülislam və digər natiqlər Azərbaycan Prezidentinə təşəkkürlərini bildirərək, ona cansağlığı və tezliklə vətənə qayıtmağı arzuladılar.
Dağ yəhudiləri icmasının rəhbəri Semyon İxiilov, rus pravoslav kilsəsinin nümayəndəsi Aleksi ata, Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz, İranın ölkəmizdəki səfiri Əhəd Qəzai, Milli Məclisin deputatları Fəttah Heydərov və Yaqub Mahmudov çıxışlarında nəzərə çarpdırdılar ki, cəmiyyətimizin bütün təbəqələrinin nümayəndələri Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün səylərini birləşdirməlidirlər.
Sonda yığıncaq iştirakçıları adından dövlət başçılarına, parlamentlərə, dünya xalqlarına və beynəlxalq təşkilatlara müraciət qəbul edildi.
Yığıncaqdan sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan verildi.