FAİQ QARAYEV GƏNCLƏRƏ ÜSTÜNLÜK VERİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 27-də Azərbaycan Voleybol Federasiyası rəyasət heyətinin iclası keçirilmişdir.
İclasdan əvvəll “Azərreyl” klubunun və yığma komandanın baş məşqçisi Faiq Qarayev klubda və yığmada aparılan islahatlardan danışmış, voleybolun inkişafı ilə bağlı bəzi məsələlərə toxunmuşdur.
Bu günlərdə “Şöhrət” ordeni ilə təltif edildiyi üçün ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirən Faiq Qarayev, bu mükafatın ümumilikdə Voleybol Federasiyasının işinə, voleybolçulara, Azərbaycan idmanına verilən yüksək qiymətin təcəssümü olduğunu vurğulamışdır.
Qarayev demişdir ki, bu gün Azərbaycan voleybolunda gələcəkdə öz sözünü deyəcək çoxlu gənc və istedadlı idmançılar yetişir. Paytaxtla yanaşı, artıq bölgələrdə də istedadlı gənc voleybolçuların aşkarlanması isə regionlarda bu istiqamətdə görülən işin nəticəsidir.
Çempionlar Liqası turnirinə hazırlaşan “Azərreyl” klubunun hazırkı vəziyyətinə toxunan baş məşqçi demişdir ki, problemlər artıq yavaş-yavaş həllini tapır.
Təcrübəli ukraynalı voleybolçu Lidiya Maksimenkonun yığma komandamızda çıxış etməsi üçün artıq Avropa Voleybol Konfederasiyasının razılığı alınsa da, Beynəlxalq Voleybol Federasiyası ilə bu məsələ ətrafında fikir ayrılığı hələ də qalır.
F.Qarayev bildirmişdir ki, oktyabrın 28-də Moskvanın “Dinamo” komandası Bakıya gələcəkdir. Rusiya komandası ilə keçiriləcək yoxlama oyunlarına qədər Natalya Məmmədova da yığma komandaya qoşulacaqdır.
Heyətə çoxlu gənc voleybolçuların cəlb olunduğunu deyən F. Qarayev inidyədək onun rəhbərliyi altında bu cür yüksək fiziki göstəricilərə malik komandanın olmadığını vurğulamışdır.