Fəlsəfə İnstitutunda “Nəsimi - küfr və iman arasında” mövzusunda məruzə dinlənilib
Bakı, 28 fevral, AZƏRTAC
AMEA-nın Fəlsəfə İnstitutunda “Nəsimi - küfr və iman arasında” mövzusunda seminar keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbir ölkə başçısının 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına əsasən reallaşıb.
İnstitutun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov tədbirin gündəliyi barədə iştirakçılara məlumat verdikdən sonra “Nəsimi - küfr və iman arasında” mövzusunda məruzə dinlənilib. İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə məruzəsində “Təsəvvüf hikmətinin Nəsimi məqamı”, “Nəsimi yaradıcılığının “Ən əl-Həqq” zirvəsi” və “Müasir düşüncə sistemində Nəsimi nə dərəcədə aktualdır?” kimi məsələlərdən bəhs edib.
Ulu öndər Heydər Əliyevin 1970-ci ildə Suriyanın Hələb şəhərinə səfər etdiyini xatırladan K.Bünyadzadə bundan sonra ölkəmizdə şairin yaradıcılığına dair geniş tədqiqatlara başlanıldığını, Bakıda abidəsinin ucaldıldığını, “Nəsimi” filminin çəkildiyini söyləyib.
Nəsiminin gözəllik, haqq və ədalət carçısı olduğunu deyən K.Bünyadzadə təsəvvüf tarixinin ümumi mənzərəsinə toxunub, şairin Azərbaycan dilində yazdığı şeirlərlə sufi fəlsəfəsinin zirvəsinə yüksəldiyini vurğulayıb.
Məruzəçi müqəddəs Qurani-Kərimin ayələrinin Nəsiminin əsərlərində əks olunduğunu, onun insanın ucalığını vəsf etdiyini diqqətə çatdırıb. Bundan əlavə, şairin yaradıcılığının “Ən əl-Həqq” zirvəsindən bəhs edib, sözügedən kəlamın ilk müəllifi Mənsur Həllacla Nəsimi arasında paralellər apararaq bu hikmətin dərinliklərini açıb.
Seminarın sonunda Nəsimi yaradıcılığının müasir düşüncə sistemindəki aktuallığına dair müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.