Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
“Kinematoqrafiya haqqında” Qanun 1998-ci ildə qəbul edilib və hazırkı milli və beynəlxalq çağırışlar, eyni zamanda, bir sıra yeni parametrlərə görə müasir tələblərə cavab vermir. Bu baxımdan yeni qanun layihəsinin qəbul edilməsi bu sahədəki son illərdə müşahidə olunan yüksək dinamikanın qorunmasına, həmçinin beynəlxalq səviyyədə milli filmlərimizin təqdim olunmasına, ölkəmizdə xarici film istehsalının təşviq edilməsinə çox böyük təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin fevralın 10-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O xüsusilə qeyd edib ki, ötən ildən Prezidentin müvafiq Sərəncamı ilə ölkəmizdə xarici istehsalçılar tərəfindən istehsal olunan filmlərin çəkiliş xərclərinin qaytarılması mexanizmi işə düşüb. Bu da iqtisadi və sosial baxımdan xarici filmlərin, xüsusilə də böyük platformalarda əks olunan xarici filmlərin ölkəmizə gətirilməsində mühüm rol oynayacaq. Hazırkı qanun layihəsində də bu məsələ öz əksini tapıb.
“Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən son illərdə bir sıra tarixi filmlər çəkilib. Hazırda da, Azərbaycan dövlətçiliyinin müxtəlif dövrlərinə aid filmlərinin çəkilişi davam edir”, - deyə nazir müavini vurğulayıb.