UNEC-də Beynəlxalq Ana Dili Gününə həsr edilən tədbir keçirilib
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamentinin və Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması istiqamətində çağırışları və qarşıda duran vəzifələr” mövzusunda elmi seminar keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarda departamentin direktoru dosent Gülnarə Rzayeva Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı barədə danışıb. O, dövlətimizin başçısının Azərbaycan dilinin saflığının qorunması istiqamətində verdiyi mesajların xüsusi önəmini vurğulayıb. Bildirib ki, seminarın əsas məqsədi ana dilinin milli-mənəvi dəyərlər sistemində tutduğu yeri geniş ictimaiyyətə çatdırmaq, Azərbaycan dilinin zənginliyini, ifadə imkanlarını və tarixi inkişaf yolunu təbliğ etməkdir. Tədbirin vəzifələri sırasında ana dilinə sevgi və hörmət hissinin formalaşdırılması, gənc nəslin ədəbi dil normalarına düzgün riayət etməsinin təşviqi, qloballaşma şəraitində ana dilinin qorunmasının vacibliyinin izahı, dil saflığının qorunması və Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu haqqında məlumatlandırma xüsusi yer tutur.
Azərbaycan dili kafedrasının müdiri professor Tofiq Əbdülhəsənov vurğulayıb ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı və xarici dillərin geniş yayılması ana dilinin istifadəsinə müəyyən təsirlər göstərir. Xüsusilə gənclər arasında yad söz və ifadələrin həddindən artıq işlədilməsi, sosial şəbəkələrdə ədəbi dil normalarına əməl edilməməsi dilin saflığı üçün təhlükə yaradır. Azərbaycan dili əsrlər boyu müxtəlif tarixi-siyasi proseslərdən keçmiş, buna baxmayaraq öz varlığını, zənginliyini və ifadə gücünü qoruyub saxlamışdır. Klassik Azərbaycan ədəbiyyatının nümayəndələri olan Nəsimi, Füzuli, Xətai və digər söz ustadlarının yaradıcılığı ana dilimizin nə qədər dərin fəlsəfi və bədii imkanlara malik olduğunu sübut edir.
Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli çıxışında qeyd edib ki, dil xalqın milli kimliyini, tarixi yaddaşını, mədəni irsini və mənəvi dəyərlərini yaşadan ən mühüm vasitələrdən biridir. Ana dili insanın dünyanı dərk etməsində, düşüncə tərzinin formalaşmasında, milli mənsubiyyət hissinin yaranmasında əvəzsiz rol oynayır. Məhz bu baxımdan ana dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi bəşəri əhəmiyyət daşıyan məsələdir. Hər il fevralın 21-də qeyd olunan Beynəlxalq Ana Dili Günü dünyada dil müxtəlifliyinin qorunmasına, azsaylı dillərin yaşadılmasına və ana dilinə hörmətin artırılmasına xidmət edir. Bu əlamətdar gün münasibətilə təşkil olunan seminarlar cəmiyyətin müxtəlif təbəqələrində ana dilinə marağın gücləndirilməsinə, dil mədəniyyətinin təbliğinə və milli şüurun formalaşmasına mühüm töhfə verir.
Seminarda təhsil sistemində ana dilinin yeri və əhəmiyyəti barədə geniş müzakirələr aparılıb. Qeyd edilib ki, tələbələrin düzgün düşünməsi, fikrini aydın ifadə etməsi və yazı bacarıqlarının formalaşması birbaşa ana dilinin tədrisi ilə bağlıdır.