AzMİU ilə İqtisadiyyat İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu arasında təhsil, elm və ixtisasartırma sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, memorandum iki qurum arasında elmi-tədqiqat, innovasiya, kadr hazırlığı, istehsalat təcrübəsi və məşğulluq sahələrində qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənəd tərəflərin elmi və akademik potensialının birləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi, magistrant və doktorantların elmi fəaliyyətinin dəstəklənməsi, eləcə də iqtisadi və şəhərsalmayönümlü tədqiqatların praktiki tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Əməkdaşlıq çərçivəsində birgə elmi araşdırmaların aparılması, simpozium və konfransların təşkili, elmi nəşrlərin hazırlanması, tədris prosesində elmi-analitik nəticələrdən istifadə və beynəlxalq layihələrdə ortaq iştirak əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Universitetin rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, müasir universitet modeli yalnız tədrislə məhdudlaşmamalı, elm, innovasiya və istehsalatla sıx əlaqə üzərində qurulmalıdır: “İqtisadiyyat İnstitutu ilə imzaladığımız bu memorandum AzMİU-nun elmi potensialının iqtisadi tədqiqatlarla daha sıx inteqrasiyasına xidmət edir. Memarlıq, şəhərsalma, infrastruktur və dayanıqlı inkişaf məsələləri bu gün iqtisadi analizsiz təsəvvür olunmur. Bu əməkdaşlıq həm gənc tədqiqatçıların, həm də doktorant və magistrantların elmi inkişafına yeni imkanlar açacaq”.
Rektor vurğulayıb ki, AzMİU ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun elmi təşəbbüsləri dəstəkləməyə və elm tutumlu müəssisələrlə strateji tərəfdaşlığı genişləndirməyə xüsusi önəm verir.
İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli çıxışında AzMİU-nun elmi və akademik mühitini yüksək qiymətləndirərək bildirib ki, bu əməkdaşlıq fundamental iqtisadi tədqiqatların real tətbiq sahələrinə çıxışını gücləndirəcək: “AzMİU ilə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır. İnfrastruktur, regionların inkişafı, şəhər iqtisadiyyatı və dayanıqlı planlaşdırma sahələrində aparılan tədqiqatların elmi əsaslarla və praktik yanaşma ilə həyata keçirilməsi bu memorandumun əsas hədəflərindəndir. Birgə layihələr vasitəsilə elmi biliklərin real qərarvermə proseslərinə inteqrasiyasını gücləndirməyi qarşıya məqsəd qoyuruq”.