Maksim Vereşçak: İctimai binaların termal izolyasiyası Azərbaycan şəhərləri üçün ən effektiv alətlərdən biridir
Bakı, 10 fevral, P.Qafarova, foto - İlqar Cəfərov, AZƏRTAC
Azərbaycanda şəhərlərin enerji istehlakında əsas paya malik olması Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının (SECAP) hazırlanmasına xüsusi aktuallıq qazandırır. Bu plan yerli icra strukturlarının iqlim dəyişmələrinin təsirlərinə qarşı konkret və sistemli tədbirlər görməsinə imkan yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Yerli Dayanıqlı İnkişaf üzrə koordinator, “Şəhər Merləri Razılaşması – Şərq”in yerli dayanıqlı inkişaf koordinatoru Maksim Vereşçak deyib.
Maksim Vereşçak bildirib ki, Azərbaycan üçün iqlim riskləri arasında, xüsusilə ekstremal istilər ön plana çıxır.
“Yay mövsümündə havanın kəskin istiləşməsi şəhərlərdə yaşayış şəraitinə, enerji sistemlərinə və ictimai infrastruktura ciddi təsir göstərir. Buna görə də SECAP çərçivəsində istilik dalğalarına qarşı uyğunlaşma tədbirləri müxtəlif sektorlar üzrə planlaşdırılmalıdır. SECAP sənədi yalnız iqlim dəyişmələrinin təsirinin azaldılmasını deyil, eyni zamanda, sosial məsələlərin həllini də nəzərdə tutur. “Enerji yoxsulluğu” Azərbaycanda da aktual mövzudur. Həssas əhali qruplarının kifayət qədər enerji resurslarından istifadə edə bilməməsi yerli səviyyədə ciddi çağırış olaraq qalır və bu məsələ fəaliyyət planlarında mütləq nəzərə alınmalıdır”, - deyə M.Vereşçak qeyd edib.
Maksim Vereşçak əlavə edib ki, “Şəhər Merləri Razılaşması” çərçivəsində hazırlanacaq bütün fəaliyyət planları iddialı hədəfləri əhatə etməlidir: “SECAP-da nəzərdə tutulan layihələr nəticə etibarilə ən azı 40 faiz karbon emissiyalarının azaldılmasına və minimum 30 faiz enerji istehlakına qənaətə nail olmalıdır. Məktəb, xəstəxana və digər ictimai binaların termal izolyasiyası Azərbaycan şəhərləri üçün ən effektiv alətlərdən biridir. Belə layihələr enerji xərclərini azaltmaqla yanaşı, binaların həm qışın soyuğuna, həm də yayın istisinə qarşı davamlılığını artırır və vətəndaşların həyat keyfiyyətinə birbaşa müsbət təsir göstərir. Avropa İttifaqının dəstəyi və mövcud proqramlar vasitəsilə Azərbaycan bələdiyyələri üçün bu fəaliyyət planının hazırlanması faktiki olaraq heç bir xərc tələb etmir və texniki dəstək tam təmin olunur”.