Paytaxtda piyada zonalarının yaradılması işləri davam etdirilir
Bakı, 10 fevral, AZƏRTAC
Paytaxtda piyada zonalarının yaradılması və abadlıq-quruculuq işləri davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri şəhər sakinləri və paytaxt qonaqları tərəfindən sıx istifadə olunan İslam Səfərli küçəsini əhatə edir. Küçənin piyadalar üçün daha rahat və funksional məkan halına gətirilməsi məqsədilə intensiv abadlıq işləri aparılır.
Layihə çərçivəsində küçəboyu mövcud kommunikasiya xətləri tam yenilənib, piyada zonası yaradılıb, ərazinin əksər hissəsində beton örtük salınıb, yaşıllıq üçün xüsusi sahələr ayrılıb və işıq dirəklərinin quraşdırılmasına başlanılıb. Küçənin böyük hissəsində daş döşəmə işləri tamamlanıb, müəyyən ərazilərdə skamyalar quraşdırılıb və ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır. İşlər ümumilikdə bir kilometrdən çox sahəni əhatə edir.
Qeyd edək ki, bu layihə təkcə şəhərin estetik görünüşünü yaxşılaşdırmır, həm də paytaxt sakinləri və qonaqlar üçün təhlükəsiz, rahat və funksional piyada mühitinin yaradılmasına xidmət edir.