Fərid Osmanov: Dövlət müəssisələrinin innovasiya fəaliyyətinə cəlb olunması əsas prioritetlərdəndir
Bakı, 2 sentyabr, AZƏRTAC
Dövlət müəssisələrinin və özəl sektorun innovasiya fəaliyyətində iştirakının artırılması Azərbaycanın rəqəmsal inkişaf siyasətinin əsas istiqamətlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov sentyabrın 2-də Bakıda keçirilən “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopu zamanı çıxışında deyib.
O bildirib ki, 2026-2028-ci illər üzrə Azərbaycanın rəqəmsal inkişafının sürətləndirilməsi üzrə Fəaliyyət Planında dövlət müəssisələrinin və özəl sektorun innovasiya fəaliyyətinə cəlb edilməsinin artırılması nəzərdə tutulur.
Sədr qeyd edib ki, 2027-ci ilin dekabrınadək innovasiya fəaliyyətində fəal iştirak edən dövlət və özəl sektor subyektlərinin sayının 40-a çatdırılması hədəflənir.
“Dayanıqlı innovasiya ekosisteminin formalaşdırılması yalnız startapların inkişafı ilə mümkün deyil. Bunun üçün təşkilatlar öz ehtiyaclarını dəqiq müəyyənləşdirməli, sahibkarlarla əməkdaşlıq etməli, yeni texnologiyaları sınaqdan keçirməli və uğurlu həlləri fəaliyyətlərinə inteqrasiya etməlidirlər”, - deyə F.Osmanov vurğulayıb.