Fərid Qayıbov beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb
Bakı, 26 dekabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, F. Qayıbov gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və qazandıqları təcrübələr barədə fikir mübadiləsi aparıb.
Birləşmiş Ərəb Əmirlikləri, Koreya, Belarus, Fransa, Avstraliya, Rusiya, Estoniya, Səudiyyə Ərəbistanı, Keniya, Yaponiya kimi ölkələrdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, konfranslar, eləcə də mübadilə proqramında iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, yarışlara hazırlıqları, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər.
Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov onlara bundan sonra da fəaliyyətlərinin davamlılığını arzulayıb.